“Qarabağ”ın kapitanı “Neftçi”yə xəbər göndərdi - Qurban Qurbanova görə!

19:40 Qarabağ 286
“Qarabağ”ın kapitanı “Neftçi”yə xəbər göndərdi - Qurban Qurbanova görə!

“Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynov Sportinfo.az-a müsahibə verib.

“Köhlən atlar”ın kapitanı “Neftçi” üzərində qazanılan 5:1 hesablı inamlı qələbədən sonra sualları cavablandırıb.

- Oyunu və nəticəni “Qarabağ” üçün “əla” qiymətləndirmək olar?

- “Sabah”a iki ağır məğlubiyyətdən sonra vəziyyət heç də yaxşı deyildi. Çempionluğun ardınca kubokun da əldən çıxması psixoloji baxımdan müəyyən gərginlik yaratmışdı. Çempionatın sonuna vaxt qaldığını və ikinci yer uğrunda mübarizənin davam etdiyini nəzərə alsaq, oyuna ciddi hazırlaşmışdıq. Bacardıqca neqativ düşüncələri beynimizdən atdıq ki, “Neftçi”ylə görüşdə meydana heç nə olmamış kimi çıxaq. İlk dəqiqələrdə “Neftçi”nin ərazi üstünlüyü var idi, bir neçə imkan yaratdılar. Lakin sonradan nəzarəti tamamilə əlimizə alıb lazım olan qolları vurduq. “Neftçi” məğlub olsa da, yaxşı formadadır. 4 gün sonra növbəti oyunumuz olacaq. Çalışıb bugünkü tempi qorumalıyıq.

- “Qarabağ” qələbə qazandı, yoxsa “Neftçi”nin müdafiəçiləri sizə qalib gəlmək imkanı yaratdı? Buraxılan səhvləri nəzərdə tuturam.

- Belə deməzdim. Məncə, onlar kubokda oynamır deyə, bizimlə müqayisədə gümrah idi. Sadəcə biz tempi yüksəltməklə rəqibi səhv etməyə məcbur etdik. Ötürmələrdə və pressinqdə yaxşı oynadığımızı düşünürəm. 5 qol vurmağımıza baxmayaraq, səhvlərimiz də var idi.

- “Sabah”la qarşılaşmadan sonra baş verənlər barədə nə deyə bilərsən?

- Əlbəttə, xoşagələn hal deyil və heç kim elə olmasını istəməzdi. Tarixə baxsaq, futbolda dəfələrlə belə hallar və anlaşılmazlıqlar yaşanıb. Ümid edirəm ki, həm oyunda və həm də sonradan yaşananlar bizə dərs olmalıdır. Bəzi məsələlərdə özümüz günahkarıq. Xüsusən çempionatın gedişində başqa rəqiblərlə oyunlarda itirdiyimiz xallar yekunda bizə baha başa gəldi. Kimisə günahlandırmaq fikrində deyiləm. Hər şeydən əvvəl günahı özümüzdə axtarmalıyam. Səhvləri aradan qaldırıb növbəti mövsümdə yenidən çempion olmalıyıq.

- Xüsusən Marko Yankoviçlə hakim Rəvan Həmzəzadə arasında yaşanan insident böyük müzakirələrə yol açdı. Marko özü bu barədə nə deyir?

- Özü də başa düşür ki, elə davranış düzgün deyil. Futbolçudur, komandası məğlub olduğuna görə hirslənib, o anda hakim də ona nəsə deyib. Özümüz də ona səbrli olmağı, belə hallarda təxribata getməməyi izah etdik. Özü də səhvə yol verdiyini anlayır. Nəticənin necə olmasına baxmayaraq, sayıqlığı və diqqəti əldən verməməliyik.

- Yeri gəlmişkən, “Neftçi”ylə oyunun sonuna yaxın rəqib azarkeşlər Qurban Qurbanovun ad-soyadını fərqli formada səsləndirməklə diqqət çəkdi. Onlara nə demək istəyirsən?

- Eşidəndə çox təəccübləndim. Qurban Qurbanov həm də “Neftçi”nin əfsanələrindən hesab olunur. İllərlə bu komandanın şərəfini qoruyub, çox sayda qollar vurub. “Neftçi”nin azarkeşlərinə onu deyə bilərəm ki, belə etmək xoş deyil. Bəlkə də hesabın böyük olması onları özündən çıxarmışdı. Yeri gəlmişkən, “Qarabağ” azarkeşləri də “Neftçi”nin baş məşqçisinin ünvanına atmaca atdı. Bu da yolverilməz, qəbuledilməzdir. Bu cür hallar yaxşı şeylərə yol açmır.

- Aprelin 30-da “Neftçi”ylə matçda nəyə ümid edirsən?

- Həmin oyun bundan da çətin və maraqlı keçəcək. Bu gün stadionda inanılmaz ab-hava var idi. Yenə bu qədər adam gəlsə, qarşılaşmaya əlavə rəng qatılacaq. “Neftçi” bu gün yol verdiyi səhvləri etməməyə çalışacaq. Həm də aqressiv olacaqlar. Bu kimi hallara hazır olmalıyıq.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti