Azərbaycan kuboku ilə vidalaşan “Qarabağ” bundan sonra bütün diqqətini Premyer Liqaya yönəldəcək.
Qarşıda duran məqsəd növbəti oyunları qələbə ilə başa vurub 2-ci pilləni əldən verməməkdir.
“Köhlən atlar” Premyer Liqanın 29-cu turunda “Neftçi” ilə üz-üzə gələcək.
Qurban Qurbanov prinsipial dueldən əvvəl son dərəcə qayğılıdır.
Əsas heyətin 5 üzvü cəza sərhədindədir. Bunlar Kevin Medina, Kadi Borges, Joni Montiel, Kamilo Duran və Marko Yankoviçdir.
Adları çəkilənlərin “Neftçi” ilə matçda alacağı daha bir sarı vərəqə aprelin 30-da “Neftçi”ylə növbəti görüşü kənardan izləməsi anlamına gələcək.
Komandada itkilərin çoxluğunu nəzərə alan Qurban Qurbanov legionerlərə vərəqə baxımından diqqətli olmağı tapşırıb.
Ağdamlılar son dövrlər futbolçu azlığından əziyyət çəkir. Bəhlul Mustafazadə zədəsini sağaltmaqla məşğuldursa, Sami Mmaee, Elvin Cəfərquliyev və Abbas Hüseynov intizam qaydalarını pozduqlarına görə əvəzedici komandaya göndərilib.
Aprelin 26-da “Palms Sports Arena”da gerçəkləşəcək duel saat 19:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ

