“Malmö”nün hücumçusu Salifu Suma “Qarabağ”ın transfer gündəmindədir.
Sportinfo.az İsveç mətbuatına istinadən xəbər verir ki, Azərbaycan klubu bu barədə 22 yaşlı futbolçunun həm özünü, həm də klubunu məlumatlandırıb.
Ağdamlılar qvineyalı ön xətt oyunçusunu ilk olaraq birillik icarəyə götürməyi planlaşdırır. Suma özünü doğruldacağı təqdirdə, daha sonra birdəfəlik transferi nəzərdə tutulacaq.
Lakin “Malmö” rəhbərliyi buna müsbət yanaşmır. İsveçlilər hazırda Polşada -“Radomyak”da icarə əsasında çıxış edən Sumanın birdəfəlik satışını üstün tutur. Bunun üçün isə “Zirə”yə ödədiyi məbləği – 1,3 milyon avronu tələb edir.
Ancaq “Qarabağ” tərəfi oyunçunun son bir ildəki performansını nəzərə alaraq, məbləği yüksək hesab edir.
Salifu Sumanın fərqli ölkədə çıxışı da istisna edilmir. Çünki onunla başqa klublar da maraqlanır. Lakin digər komandalar da oyunçunun icarəyə götürülməsini üstün tutur.
Sumanın “Malmö” ilə müqavilə müddəti 2029-cu ilin yayına qədərdir.

