Çətin dönəmdən keçən “Qarabağ” Azərbaycan kubokunda yarımfinala yüksəlməyi bacardı.
1/4 final mərhələsinin ilk görüşü çərçivəsində səfərdə “Şamaxı”ya 1:2 hesabı ilə uduzan ağdamlılar cavab matçında da ciddi müqavinətlə üzləşdi.
Düzdür, 3:1 hesablı qələbə “köhlən atlar”ın ümumi hesabda qalib olmasına kifayət etdi. Lakin bu, heç də asanlıqla başa gəlmədi.
“Qarabağ”ın əsas simalarından sayılan Elvin Cəfərquliyev Sportinfo.az-a açıqlamasında matçı dəyərləndirib:
“Bizim üçün çox çətin oyun oldu. Gördüyünüz kimi, sona kimi mübarizə apardılar, hətta penalti qazandılar.
Açığı, bizim üçün gözlənilməz oldu. Bir daha başa düşdük ki, hər dəqiqədə, hər saniyədə ciddi olmaq lazımdır.
Belə səhvlərə yol verməməliyik. “Şamaxı”nı göstərdiyi oyuna və əzmkarlığa görə təbrik edirəm.
Özünə məxsus oyun sistemi və oturuşmuş heyəti var. Göstərdiyi mübarizəyə görə “Şamaxı”ni təbrik edirəm”.
Azərbaycan millisinin də şərəfini qoruyan Cəfərquliyev son saniyələrdə “Qarabağ”ın qapısına təyin olunan penalti barədə fikirlərini bildirib:
“Həmin epizod gözlərimin qarşısında baş verdi. Açığı, ilk dəfə görəndə penalti olacağını düşünməmişdim. Epizodu başqa cür görmüşdüm.
Təkrara baxandan sonra orada qayda pozuntusunun olduğunu gördüm. Penalti var idi.
Rəqib futbolçu topa yaxınlaşanda matçın əlavə dəqiqələrə qədər uzanacağı ilə bağlı tərəddüd içindəydim. Ehtimalım 50-nin 50-yə idi”.
Maraq üçün bildirək ki, Azərbaycan kubokunun yarımfinal mərhələsində “Qarabağ” – “Sabah”, “Turan Tovuz” – “Zirə” qarşılaşmaları baş tutacaq.
HƏBİB

