“Əlbəttə, hamı kimi mən də dünyanın ən yaxşı klublarında və ən yüksək səviyyədə oynamaq istəyirəm.
Düşünürəm ki, bu, normal bir arzudur. Bu o demək deyil ki, mən “Qarabağ”da və ya Azərbaycanda oynamaq istəmirəm”.
Sportinfo.az xəbər verir ki, bu sözləri Qarabağ”ın qapıçısı Mateuş Koxalski deyib.
26 yaşlı qolkiper, Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”a 2:3 hesabı ilə uduzduqları matçdan sonra “The Sun” nəşrinə verdiyi müsahibədə özünü İngiltərə klublarına təklif etməsinin geniş müzakirə yaratmasına münasibət bildirib.
Koxalski qeyd edib ki, fikri yanlış anlaşılıb və o, ayrılacağını demək istəməyib:
“Mən “Qarabağ”dan gedəcəyimi demədim. Xeyr, məsələ belə deyil. Sadəcə, Premyer Liqada oynamaq istəyirəm”.
2024-cü ildə “Qarabağ”a transfer olunan Mateuş Koxalskinin müqaviləsi 2027-ci ilin yayında başa çatacaq.

