Qurban Qurbanov üçün prinsipial rəqib – Futbolumuzda yeni intriqa

8 Mart 16:30 Qarabağ 2 244
Qurban Qurbanov üçün prinsipial rəqib – Futbolumuzda yeni intriqa

Premyer Liqada çempionluq yolunda “Sabah”ın ciddi müqaviməti ilə üzləşən “Qarabağ” Azərbaycan kubokunda da çətin sınaq qarşısındadır.

“Köhlən atlar” yarımfinala yüksəlmək üçün “Şamaxı”nın müqavimətini qırmalıdır.

Komandaların arasında ötən ay Şamaxıda baş tutan dumanlı havada meydan sahibləri son çempionu 2:1 hesabı ilə məğlub etməklə cavab qarşılaşması öncəsi üstünlük qazanıb.

Ümumiyyətlə, cari mövsümdə “Qarabağ”la “Şamaxı” arasındakı duellər gərginliyi ilə yadda qalıb.

Premyer Liqanın ilk dövrəsində “Azersun Arena”da keçirilən matçda qapılara qol vurulmamışdı. İkinci dövrədə isə ağdamlılar şamaxılıları son saniyə qolu ilə 2:1 hesabı ilə məğlub etmişdi.

Göründüyü kimi, 3 oyunun hamısında “Qarabağ” ciddi müqavimətlə üzləşib. Birində 1 xal qazanıb, digərində çətinliklə qalib gəlib, kubokda isə uduzub.

“Köhlən atlar”ın “Sabah”la sonuncu görüşdə həddən artıq güc itirməsi və Qurban Qurbanovun rotasiya etməyə məcbur qalması hansısa mənada “Şamaxı”nın işini rahatlaşdıra bilər. Üstəlik, ilk görüşdəki nəticənin yaratdığı nisbi üstünlük də danılmaz faktdır.

Bu yerdə oyuna prinsipiallıq qatan məqamı da qeyd etmək yerinə düşər.

Xatırlayırsınızsa, “İmişli” – “Şamaxı” qarşılaşmasından sonra qonaq komandanın, həm də Azərbaycan millisinin baş məşqçisi olan Ayxan Abbasov Qubadakı stadionun qapılarının standartlardan 11 santimetr hündür olduğunu dilə gətirmişdi.

Çempionatın təşkilinə və keçirilməsinə cavabdehlik daşıyan Peşəkar Futbol Liqasının sözçüsü Sənan Abdullayev Abbasovun dediklərinə reaksiya verərək baş məşqçinin etik qaydaları pozduğunu dilə gətirmişdi.

Ayxan bəyin “Neftçi”ylə oyundan sonra PFL-in iradına cavabı belə olmuşdu:

“Məndən qabaq orada oynayan bütün məşqçilər etiraz etmişdi. Məndən də sərt danışmışdılar. Hətta bəziləri demişdi ki, bu stadionda niyə futbol oynanılır. Təəssüf ki, PFL-dən reaksiya gəlməmişdi.

Məndən əvvəl danışan məşqçilərin sərt açıqlamalarına cavab verərdilər. Niyə vermədilər?”

Ayxan Abbasov ad çəkməsə də, Qubadakı stadionun durumu barədə ən sərt danışan adamın “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov olduğunu hər kəs bilir.

“İmişli” – “Qarabağ” matçından sonrakı mətbuat konfransını yada salaq:

“Bu stadionda futbol oynamaq olmaz. Hansı əsrdə yaşayırıq? Başa düşürəm ki, “İmişli” yeni komandadır, stadionu yoxdur. Burada oynayırlarsa, onda burada da məşq etsinlər də. Özləri niyə burada məşq etmir? Bakıda məşq edib Qubada oynayırlar. Bakıda da oynasınlar.

Bunları ona görə deyirəm ki, bəlkə meydançanın yaxşılaşdırılmasına faydam olar. Heç kimlə düşmənliyimiz yoxdur. Sadəcə istəyirik ki, normal futbol oynansın. “Nyukasl”la oyuna hazır olmayacağıq. Meydançanın bu dərəcədə pis olduğunu düşünmürdüm”.

Yəqin ki, söhbətin nədən getdiyini anladınız.

Odur ki, martın 4-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 19:00-da başlayacaq “Qarabağ” – “Şamaxı” qarşılaşmasının ümumi mənzərəsini indidən təsəvvür etmək çətin deyil.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti