"Qarabağ" qayıtdı...
Ağdam klubu "Sabah"la matçdakı geridönüşlə bunun mesajını vermişdi.
"Şamaxı" ilə görüşdə ilk matçdakı məğlubiyyəti unutdurmaqla davamını gətirdi.
Düzdü, o qədər də asan olmadı.
Bölgə klubu son saniyələrə qədər dirəniş göstərdi.
Kərim Rossinin penalti zərbəsindən sonra topun tirə dəyməsi ilə final fitinin verilməsi eyni oldu.
"Köhlən atlar" son anda əlavə vaxt oynamaqdan xilas oldu.
Amma buna rəğmən o da aydın göründü ki, Qurban Qurbanovun daha avrokuboklar kimi qayğısı yoxdur.
Əl-qolu açılıb.
İstədiyi rotasiyalara rahat gedə bilir.
Silva mərkəzdə başlayıb, öz cinahında oyunu bitirdi.
Kevin Medina rahat dincini alaraq, ikinci yarı oyuna qoşulmaqla növbəti görüşə tonusda qala biləcək.
Ağır oyunlar sonrası Bikalyo, Duran, Zubir və Elvinə istirahət verildi.
Balanslı heyət qurmaq Qurbanovun işini bir xeyli asanlaşdırmış olur.
Dünənə qədər bütünlüklə ehtiyat skamiyada oturanlardan ibarət heyət lazım olan nəticəni əldə edə bilmirdi.
Əsas heyətin yarısı meydanda olan da bəzən işi həll etməyə yetirmirdi. Avropa səhnəsindəki çıxış böyük yük idi.
Amma indi belə bir problem yoxdur.
Bir də Borqesi xüsusi qeyd etməsək olmaz.
Təkcə verdiyi 3 məhsuldar ötürmə ilə nə qədər faydalı olduğunu göstərmədi.
Həm də ümumi komanda oyununa bir sürət, itilik gətirib.
Astagəl Montieldən fərqli olaraq bir toxunuşlu ötürmələrlə rəqib müdafiəsini, orta xəttini çaş-baş qoyurdu.
Universal olması meydanın hər yerində özünü rahat hiss etməsinə yol açırdı.
Gah sağ cinaha düşür, gah 10 nömrə mövqeyinə.
Meydanın dərinliklərində top alması, topu uzun ötürmələrlə önə çatdırması da öz yerində.
Zədədən yeni qayıdıb.
Bir az özünə gəlsə, yenidən "Qarabağ"ın əsas silahına çevriləcək.
Bir sözlə, uzaq məsafələrin, ağır oyunların parça-parça etdiyi, təngənəfəs buraxdığı mexanizim sürətlə toparlanmaqdadır.
Rəqiblər hazır olsun...
XANOĞLAN İMANOV

