COP29

"Qarabağ"ı necə çözdülər?

12 Avqust 17:00 Qarabağ 1 254
"Qarabağ"ı necə çözdülər?

"Ludoqorets"lə ilk matça çıxmadan artıq futbol ictimaiyyəti Zaqreb "Dinamo"su ilə pley-off matçını düşünürdü.

Bolqarlar Bakıdaca göstərdilər ki, bu qədər tələsmək, onları xəfifə almaq olmaz.

Əslində son çempionumuz qarşılaşmaya gözlədiyimiz kimi başlaya bilmişdi.

İlk 15 dəqiqədə tam olaraq üstünlük tərəfimizdə idi.

"Atlılar" təhlükəli epizodlara da asanlıqla girə bilirdi.

Xüsusilə Toral Bayramovun cinahında hücumlar üçün boş dəhliz tapa bilmişdik. Bunda Juninyonun dərinliyə çəkilib 1 ötürmə ilə yoldaşlarını tapması da ciddi önəm daşıyırdı.

Görünür, qonaqlar Marko Veşoviçin sağ cinahdakı aktivliyinə alternativ düşünsələr də, sol cinahı unutmuşdular.

Lakin Georgi Dermendziev bunu erkən sezə bildi.

Artan təhlükənin fərqinə varan təcrübəli çalışdırıcı təxminən 16-17-ci dəqiqələrdə köməkçisinə sağ cinahla bağlı xüsusi tapşırıq verdi.

Elə oyunun "ipi" də bu dəqiqədən sonra əlimizdən çıxdı. Qonaqlara keçmədi, amma bizdə də deyildi. Bərabər oyuna keçid aşkar görünürdü.

Ya Toral gücdən düşdü, ya da rəqib baş məşqçinin tapşırığı işə yaradı.

Daha ilk 20 dəqiqədə olan hücumların arası kəsildi. Bayramov isə ümumiyyətlə gözdən itdi.

67-ci dəqiqədə yerini Elvin Cəfərquliyevə verməsi də prosesin qırılma nöqtəsi oldu.

Elvin də gözlənilən aktivliyi meydana daşıya bilmədi.

Ümumiyyətlə, bolqarlar "Qarabağ"ı yaxşı çözə bilmişdi. Ən güclü mövqeyi olan orta xətdən real qol imkanı yaratmaq mümkün deyildi. Meydanın mərkəzini boş buraxan rəqib cərimə meydançasının həndəvərində lazım olan reaksiyanı verə bilirdi.

Belədə uzaqdan zərbələr işə yaramalıydı. Onu da görmədik. Və ya birinci ilə ikinci zona arasında "divar" quran rəqib buna imkan vermədi.

"Ludoqorets" "Qarabağ"ı alışmadığımız cinah asmalarına məhkum etmişdi.

Bərabərlik qolunu da bu tərzdə vura bildik. Daha çoxuna belə bağlamaq yersiz idi.

Əvəzində eyni tərzdə 2 qolu da qapımızdan buraxdıq. Özü də eyni cinahdan. Bunun özü ciddi araşdırılmalıdır.

Evdəki məğlubiyyət hamı üçün soyuq duş təsiri bağışladı.

Bolqarıstan təmsilçisi 90 dəqiqə ərzində bərk komanda olduğunu isbatladı. Təcrübə baxımından isə rəqibindən heç geri qalmırdı.

Cütün taleyi Razqradda həll olunacaq.

Üstün tərəf təbii ki, "Ludoqorets"dir. Bizim isə mərhələ adlamaq üçün şansımız heç də az deyil.

Nəzərə alaq ki, "Qarabağ" ikili oyunların ikincisində daha yaxşı oynamağı bacarır.

Səfər meydanında nələrisə dəyişmək labüd olacaq. Riskə getmək bahasına olsa da. Bakıdakı qarşılaşma göstərdi ki, "Qarabağ"ın ənənəvi oyun tərzi bu rəqib üçün keçərli deyil.

Əsəbləri yerində, təcrübə sarıdan axsaq deyillər.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 22:40 "Sabah" icarəyə verdi