Həmin informasiya QIZIL dəyərindədir! - Qurban Qurbanovla paylaşdığı məlumatlara görə...

25 Fevral 18:10 Qarabağ 2 900
Həmin informasiya QIZIL dəyərindədir! - Qurban Qurbanovla paylaşdığı məlumatlara görə...

"Qarabağ" yenidən "Bayer 04 Leverkusen" ilə qarşılaşacaq.

Qrup oyunlarında bu komandaya 2 dəfə məğlub olmuşduq.

Etiraf etməliyik ki, Xabi Alonsonun başçılığındakı "Bayer" öz tarixindənki ən güclü dövrlərdən birini yaşayır.

Əzəli rəqibi "Bayern Münhen"i məğlub etdi və Bundesliqada 8 xal öndə liderdir.

Buna baxmayaraq, Allahdan ümidi kəsmək olmaz və top yuvarlaqdır.

"Qarabağ" "Bayer"lə Bakıda oynadığı sonuncu oyunda qələbəyə daha çox layiq idi.

İndi qrup oyunlarının əksinə, ilk oyun Bakıda, cavab qarşılaşması Leverkusendə keçiriləcək.

İnşallah, Bakıda minimal hesabla belə olsa, qələbə qazansaq, Leverkusendəki oyun daha maraqlı olacaq və turu keçmə şansımız yaranacaq.

Ruhdan düşmək olmaz, Qurban Qurbanov və komandasının əzmkarlığına inanırıq.

Bugünkü püşkatmada "Bayer"in çıxması təqdiri-ilahidir.

Hələ 1 ay əvvəl, "SC Braga" oyunlarından öncə Qurban Qurbanov Leverkusenə gedərək "Bayer" kampını ziyarət etdi, məşqlərini izlədi və taktiki oyun quruluşlarıyla bağlı Xabi Alonso ilə söhbət etdi.

Bax, indi əldə edilən həmin informasiya və məlumatlar qızıl dəyərindədir! Bunu biz Qurban Qurbanovun uzaqgörənliyi və özünü daima inkişaf etdirmə əzmi kimi də dəyərləndirə bilərik.

Bəlkə də Xabi Alonso bugünkü püşkatmanın nəticəsini görüb, Qurban Qurbanovla paylaşdığı stratejik məlumatlara görə peşmanlıq hissi keçirir.

Bilmək olmaz!

Ancaq bilinən odur ki, "UEFA Europa League 1/8" finalında ilk dəfə bir Azərbaycan klubu var!

Bu gün bütün Avropada "Qarabağ"ın adı Azərbaycanla birlikdə çəkilir.

Niyə də olmasın, itirəcəyimiz bir şey yoxdur, planı artıqlamasıyla doldurmuşuq.

Nəfəsimiz yetirsə, gücümüz və əzmimiz varsa, niyə sevinən tərəf biz olmayaq?!

Tarix yenidən yazılsın!

Elnur Məcidli

Digər Xəbərlər
Xəbər Lenti
21 Aprel 22:55 Bəhanəyə yer qoymadı