
Marko Yankoviç bugünlərdə «Qarabağ»la yeni müqavilə imzaladı.
Monteneqrolu yarımmüdafiəçi qarşıdakı 4 ili də Azərbaycanda keçirəcək.
Yəqin ki, oxşar xəbəri yaxınlarda Leandro Andradedən də alacağıq. Kabo-Verde yığmasının oyunçusu son vaxtlar əla formadadır və Qurban Qurbanovun istədiyi səviyyəyə çatmaq üzrədir.
Bu afrikalı ikinci Kadi Borgesdir. Tərəddüd etmədən deyərdim ki, o, bir müddət sonra braziliyalı həmkarını da keçəcək.
Bu templə Kadi zirvəsini fəth etməsinə bir şey qalmayıb. Əgər «Qarabağ» Kadini 5 milyon avroya «Krasnodar»a satdısa, Andradeni daha baha qiymətə gözdən çıxarmaq mümkün olacaq.
Sözün həqiqi mənasında Andrade çox ağıllıdır. Əla pasları, mövqe seçimi, sürəti ilə «Qarabağ»a ciddi qatqı verir.
Bir dəqiqə dayanmır, daim hərəkətdədir, harada aş, orada başdır. Bu, tək Premyer Liqaya aid deyil, avrokuboklarda da belədir.
Fiziki hazırlığını bir qədər də möhkəmlətsə, Avropanın aparıcı klubları «Qarabağ»ın elçi daşının üstündən əskik olmayacaq.
Andradenin cari mövsümdə verdiyi məhsuldar ötürmələrin sayını itirmişəm. Beş olar, on beş olar – bundan az olmaz ki çox olar.
O, oyundan oyuna öz keyfiyyəti ilə əhəmiyyətli fiqur olmasını sübuta yetirir. «Sumqayıt»la matçda «Qarabağ»ın tabloya yazdırdığı 5 qolun demək olar hamısında iştirak etdi.
Bu qarşılaşma inişilki mövsümün ikinci yarısını yadıma saldı. «Şamaxı» ilə Suraxanıdakı gecəni. Səhv eləmirəmsə, «Qarabağ» o axşam qonaqlarına 7 cavabsız qol vurmuşdu.
İlk hissədə 6 dəfə fərqlənib, fasilədən sonra meydanda gəzişmişdilər.
«Qarabağ» bu dəfə də həmin ssenariyə sadiq qaldı, birinci yarıda əsası qoyulan darmadağını ikirəqəmli həddə çatdırmadılar.
Avroliqada «Hekken» səfərini fikirləşərək. Axır 35-40 dəqiqədə açıqca göründü ki, final fitinin səslənməsini ən çox arzulayan «Qarabağ»dır.
ELNUR