“Bu təklif mənə maraqlı deyildi” – Qurban Qurbanovun oğlu

28 Yanvar 2023 23:00 Qarabağ 1 559
“Bu təklif mənə maraqlı deyildi” – Qurban Qurbanovun oğlu

Musa Qurbanlının cari mövsümdə məhsuldar təsir bağışlaması Avropa klublarının diqqətini çəkib.

“Qarabağ”ın Antalya toplanışındakı yoldaşlıq görüşlərini Macarıstan, Slovakiya, Polşa kimi ölkələrdən skaut və agentlərin canlı izləməsi də məhz 20 yaşlı hücumçuya görəydi.

Musa qış fasiləsindən dərhal sonra “Turan Tovuz”la baş tutan oyunda komandasının ilk qolunu vurmaqla aktivindəki topların sayını 13-ə çatdırdı.

O, Sportinfo.az-ın suallarını cavablandırdı.

- Antalyadan birbaşa Tovuza gəlmişdiz və öyrəşmədiyiniz süni örtükdə oynadız. Bu kimi məqamlar işinizdə nə dərəcədə çətinlik yaratdı?

- Əlbəttə, bir az çətin idi. 20 gündən çox idi təlim-məşq toplanışındaydıq. Bu, mövsümün ikinci yarısına daha yaxşı hazırlaşmağımız üçün idi. Oyun ağır keçdi. Bütün komandalar qış toplanışından hazırlıqlı qayıdıblar. “Turan Tovuz”un da oyuna necə hazırlaşdığını gördük. Çox yaxşı müqavimət göstərdilər. Xarakter göstərərək son dəqiqələrdə vurduğumuz qolla qələbə qazandıq.

- Bölgədə belə azarkeşlərin qarşısında oynamaq necə hissdir?

- Belə atmosferdə oynamaq mənim üçün xoşdur. Tovuzda futbolu sevirlər, komandalarını yaxşı dəstəkləyirlər. Biz də futbolçu kimi bundan həzz alırıq. Meydanda atmosfer nə qədər gözəl olsa, bizim üçün xoşdur. Rəqib azarkeşləri olmasına baxmayaraq, futbolun gözəlliyini hiss edə bilirik. Sadəcə, oyun saat 2-də və süni örtüklü meydanda idi deyə, bəzi çətinliklər yaradırdı.

- Polşa "Poqon"u əni transfer etmək istəyirdi. Məsələ ilə bağlı yenilik var?

- Açığı, bu məsələ ilə şəxsən maraqlanmırdım. Klub rəhbərliyi, baş məşqçi, ümumiyyətlə, bu məsələlərlə məşğul olan adamlar var. Mənə maraqlı deyildi. Çünki mənə bu haqda heç bir məlumat verilməmişdi, mətbuatdan oxuyurdum. Necə məsləhət bildilərsə, elə də oldu. Hazırda yalnız "Qarabağ"ın uğurları haqda düşünürəm. Öz üzərimdə çalışıb, həm özüm, həm də klubum üçün ən yaxşısının olmasını istəyirəm.

- Kadi Borgesin yeri görünür?

- Kadi bizim üçün vacib oyunçu idi. Onu çox istəyirdik, öyrəşmişdik ona. Amma bu, futboldur, belə hallar da olur. Futbolçu həmişə bir klubda qalmır. Kadiyə uğurlar arzulayıram. Biz də onun yoxluğunun bilinməməsi üçün əlimizdən gələni edirik.

- Yeni ildən "Qarabağ"da "9”u geyinirsən. Bu nömrənin xüsusi özəlliyi var?

- “9” sırf mərkəz hücumçusunun nömrəsidir. Mən də uşaqlıqdan həmişə akademiyada, milli komandalarda bu formanı geyinmişəm. Bildiyiniz kimi, atam da “9”la oynayıb. Bu nömrə ilə oynamaq mənim üçün xoş oldu. Bundan sonra da əlavə motivasiya olacaq.

- Bu vaxta qədər "Qarabağ"da “9” boş idi. Niyə götürmürdün?

- Belə məsləhət bilinmişdi. İndi alındı, indi götürdüm.

- Qış fasiləsində Parisə üz tutmuşdun. Ora getməyinin xüsusi səbəbi var idi?

- Yox Sadəcə olaraq Parisi canlı görmək mənim üçün maraqlı idi.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı