Az öncə xəbər verdiyimiz kimi, «Qarabağ» Toral Bayramovla vidalaşmağı qərara alıb.
Ağdam təmsilçisi 25 yaşlı futbolçunu satışa çıxarıb.
«Köhlən atlar» müqaviləsi 2027-ci ilin yayında bitəcək cinah oyunçusuna özünə komanda tapmağı tapşırıb.
Millimizin üzvünün axtarışı isə uzun çəkməyib. Növbəti mövsümdən etibarən Türkiyənin I Liqasında mübarizə aparacaq «Bursaspor» ona görə «Qarabağ»a təklif göndərib.
Vaxtilə Super Liqanın çempionu olmuş «yaşıl timsahlar»ın dəvəti müsbət cavablandırılıb. Artıq klublar arasında ümumi razılıq əldə edilib.
Transferin rəsmiləşməsi gün, bəlkə də saat söhbətidir.
«Xəzər Lənkəran»ın yetirməsi 2018-ci ildən «Qarabağ»ın formasını geyinir. O, bu mövsüm əsas heyətdəki yerini itirib.
Elvin Cəfərquliyevin kölgəsində qalan Toral Bayramov yalnız axır 1 ayda - onun intizamsızlığa görə komandadan uzaqlaşdırılmasından sonra şans qazanmağa başlayıb.
Bununla belə, Bayramovun düşərgədən göndərilməsi, əslində, gözlənilən qərar sayılmalıdır. Çünki Qurban Qurbanovun ondan narazı olması barədə dəfələrlə xəbər paylaşmışıq.
Baş məşqçi son aylarda sosial şəbəkə fenomeninə çevrilən, şəxsi həyatına aid bir çox hadisəni ictimailəşdirən Torala bir neçə dəfə xəbərdarlıq edib, onu haqı olaraq qınayıb.
Təcrübəli mütəxəssis bu kimi məsələlərə diqqət yetirməyi, bütün fikrini futbola yönəltməyi dönə-dönə tapşırıb. Görünür, müdafiəçi Qurbanovun məsləhət və tövsiyələrinə onun istədiyi səviyyədə yanaşmayıb, bu da axırı…
«Qarabağ» iki gün öncə 3 nəfərlə sağollaşıb.
Zaqreb «Dinamo»sundan icarəyə götürülmüş belçikalı mərkəz müdafiəçisi Sami Mmae ilə yanaşı, müqavilə müddəti bitən Ramil Şeydayev və qanalı vinger Emmanuel Addai yola salınıb.
SPORTİNFO.AZ


