"Qarabağ"ın önünü kəsibsə... Atalar "üçdən" deyib

17 Sentyabr 2021 15:00 Qarabağ 954
"Qarabağ"ın önünü kəsibsə... Atalar "üçdən" deyib

"Qarabağ" Konfrans Liqasının qrup mərhələsinə "Bazel"lə heç-heçə (0:0) ilə start verdi.

8-ci dəfə avrokubokların qrup mərhələsində oynayan komandamız üçün belə başlanğıc yad deyil.

Öncəki 7 cəhdin ikisində də eyni nəticə qeydə alınıb. İlk belə start "Qarabağ"ın "siftə"sinə təsadüf edir.

2014-2015ci il Avropa Liqasının F qrupunda yer alan "Qarabağ" ilk görüşünü Bakıda "Sent Etyen"lə keçirmiş və qolsuz bərabərliyə razılaşmışdı.

Fransadakı cavab matçında da heç-heçə (1-1) əldə edən Qurbanovun yetirmələri Ukraynada "Dnepr"i məğlubiyyətə (0-1) uğuratmağı bacarmışdı.

Qrupun son oyunu Bakıda İtaliya "İnter"inə qarşı olmuşdu. Tarixi matçda baş hakim Zelenkanın yalnış qərarı Riçard Almeydanı qoldan, "Qarabağ"ı isə növbəti mərhələdən məhrum etdi.

Heç-heçəli ikinci start isə 2016-2017 mövsümünə təsadüf edir. Bu dəfə startdakı rəqib püşkdən sonra 6 xal gözü ilə baxdığımız "Slovan" oldu. "Dalğa Arena"da keçirilən oyunda Rəşad Sadıqovun son saniyələrdə vurduğu qol məğlubiyyətdən xilas olmağımıza yetmişdi.

Qrupun sonrakı görüşlərində Fiorentina"ya hər iki matçda da uduzan təmsilçimiz PAOK-la oyunlardan 6 xal əldə etməyi bacardı. Amma "Slovan"a səfərdəki gözlənilməz məğlubiyyət (3-0) növbəti mərhələ arzumuzu yenidən gözümüzdə qoymuş oldu.

Gördüyünüz kimi heç-heçə ilə start verdiyimiz qrup mərhələlərində komandamız heç də pis çıxış etməyib.

Birində hakimin qərarı "Qarabağ"ın önünü kəsibsə, digərində bir az şanssızlıq və bir az da arxayınlıq istəyimizi gözümüzdə qoyub.

Atalar "üçdən" deyib.

Ümid edək ki, bu məsəl bu dəfə yerinə düşəcək. Və "Qarabağ" üçüncü belə cəhdində növbəti mərhələ arzumuzu gerçəkləşdirə biləcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti