Klublara çatmalı olan halal pulu vermirsə, indi kimisə cəzalandıra bilərmi?

23 Sentyabr 2020 21:20 Problem 685
Klublara çatmalı olan halal pulu vermirsə, indi kimisə cəzalandıra bilərmi?

Premyer Liqanın 3 klubu əvəzedici heyəti saxlamağı lazım bilmir. Ötən mövsüm “Qəbələ” belə addım atmışdısa, indi də “Zirə”ylə “Səbail” bölgə təmsilçisinin yolunu gedir.

İkinci komandanı artıq yük bilən elita klubları I divizionda mübarizə aparmağı faydasız sayır, mənasız yarışa görə büdcəsini dağıtmamağa üstünlük verir. Klublar öz strategiyasını seçib və AFFA-nın cəzaları da veclərinə deyil. Assosiasiyaya 50 min manat cərimə ödəmək daha sərfəlidi, nəinki bunun 2-3 qatını komandaya xərcləmək.

“Səbail”lə “Zirə”ni cəsarətləndirən həm də AFFA-nın loyallığıdı. İcraiyyə Komitəsinin (İK) qərarı havadan asılı qalıb, tətbiq olunmur. Klublar “Qəbələ”nin nümunəsində bunu gördüyündən, cəzasızlıqdan faydalanmağı lazım bilir.

Əvəzedicilərin çempionatı ləğv olunarkən, bu komandaların divizionda mübarizə aparması məsləhət bilinmişdi. AFFA Premyer Liqa klublarını həvəsləndirmək, onları perspektivsiz yarışda iştiraka təşviq etmək üçün 100 min manatlıq yardım nəzərdə tutmuşdu. Bundan imtina edənlər isə 50 min manat cərimələnəcəkdi. İK-nın rəsmi qərarında belə yazılmışdı.

Lakin ötən mövsüm divizionda oynamaqdan imtina edən “Qəbələ” bu cəzaya məruz qalmayıb. AFFA əyalət klubunu cərimələməyə cəsarət etməyib, əksinə, bu mövsüm onlara maddi yardımı lazım bilib. Cəzasızlıq isə “Zirə”ylə “Səbail”i də eyni addımı atmağa həvəsləndirib. Maraqlıdı ki, bu klublar da İK-nın qərarı ilə birdəfəlik yardım alanlardı.

Qanunlar, qərarlar icra olunmadıqda belə başıpozuqluğun olması təbiidi. Amma o da var ki, AFFA özü də vaxtilə verilən qərarın doğru olmadığını anlayır və klubları cəriməylə ram etməyin mümkünsüzlüyünün fərqindədi.

Burada da problem elə AFFA-nın özündən başlayır. İllərdi klublara teleyayıma görə müqaviləylə verilməli olan 100 min manat civarında məbləğ ödənmir, üst-üstə qalaqlanır və iş qanunlara əməl edilməsinə gələndə AFFA-nın dili qısa olur. Məhsuluna görə qazanmayan klubu cərimələmək mümkün deyil.

Rövnəq Abdullayevin “CBC Sport”u saxta tenderlə ələ keçirdiyi teleyayım hüququna görə klublara çatmalı olan halal pulu vermirsə, indi kimisə cəzalandıra bilərmi? Haqq-hesab edilsə, AFFA-nın klublara edilməyən ödəməsi daha çoxdu (futbolinfo.az).

Digər Xəbərlər
Xəbər Lenti