Nə qulaqlarına? Pulları pul, kefləri də yerində - Futbol kimin nəyinə…

23 Sentyabr 2020 10:52 Problem 950
Nə qulaqlarına? Pulları pul, kefləri də yerində - Futbol kimin nəyinə…

Uzun fasilədən, pandemiya dövrünün məngənəsindən çıxan çempionatda 3 tur arxada qaldı.

Avropa yarışlarının təkanverici qüvvəsi müstəsna rol oynadı.

Futbol başbilənlərimiz üst səviyyədə yastıqlarını başlarının altına qoymuşdular. Nə qulaqlarına? Futbolu dağıdıb, rahat oturublar kabinetlərində. Pulları pul, kefləri də yerində.

Nə yaxşı, avrokubok, Millətlər Liqası araya girdi, yoxsa hələ çox futbolsuz qalacaqdı məmləkət. AFFA-dan savayı, Qəbələdə futbolu düşünənlərə bir daha alqış!

Hazırlıq dönəmində komandaları ağuşuna almağı bacardı. Eyni anda 8 kluba şərait yaratmaq hər bölgənin işi deyil. Özü də nə Türkiyəsi, Kipri, nə də Avstriyasından geri qalmayan şərait.

Nə yazıq ki, "Qəbələ"nin akademiyası da artıq can vermək üzrədir. Belə davam etsə, əsas komanda da "yol üstə" olacaq.

Nə kəramətdisə, futbola qulluq edənlərin hamısı eyni aqibəti yaşayır. Əsas Elxan Məmmədovun vəzifələrinin artması, "Bayıl Arena", "Dalğa Arena" və ""Bakcell Arena"ya yerləşdirilən qohum, dost-tanışların kef çəkmələridir.

Nə olsun ki, BOS-a kimi meydanlar yaşıl rəngə boyanır.

"Qəbələ-2"yə qoşulan "Zirə-2", "Səbail-2" də bir yandan dayandı. Bəs esyyenlər, Azərbaycan futbolunu gül-çiçəyə çevirəcək "dahiyanə" layihələr nə oldu? Bir tərəfdən də nazarov-eddilərin ərköyünlüyü, yığmaya cəlb edilmiş musalovun erməni sevdası.

Hər il klublarımız kütləvi şəkildə qruplara can atırdı, indi bir mərhələyə sevinilir, "Neftçi" ağlayır, "Qarabağ" da ipdən asılıdır. Futbolun qısa, ümumi mənzərəsi bu vəziyyətdədir.

AFFA-dakılar toxunulmaz statusa malikdir. Hələ ki, həftəbecər günə salınmış futbolda qurbanlar, füzulilər, mahirlər süddaş edilir. Südü tükənmiş futbolda.

Nə isə, keçək çempionata. Görünən odur ki, son 2-3 ilin mövsümü kimi olmayacaq. Bu, "Qarabağ" və "Neftçi"nin güclənməsi anlamına gəlmir. Əksinə, zəifləyiblər.

"Sabah", "Keşlə", "Zirə", "Sumqayıt", hətta "Qəbələ" belə, bu durumda ilk sıralarda qərarlaşa, 4 yerdən birinə sahib ola bilər. "Səbail" isə Essyen "itki"sindən sonra heç özünə gələ bilmir. Ağır "dərd"dir.

Avroliqa zonasına 7 komanda can atır. 50 faizdən də yüksək şansı var. "Qəbələ"yə ehtiyatla yanaşılsa, ümumiyyətlə yağ-baldı. Nardaran, ay Məşədi Kazım? "

Xəzər Lənkəran"sız, "Bakı", "Kəpəz", "Simurq", "Turan"sız çempionat nə günlərə qaldı... Hələ bunun "Karvan"ı, "MKT-Araz"ı, "Şahdağ"ı, "Şəmkir"i, Kür-Nur"u vardı...

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti