UEFA araşdırmaya başladı - "Qarabağ"la matça bilet satışı dayandırıldı

20:20 Problem 383
UEFA araşdırmaya başladı - "Qarabağ"la matça bilet satışı dayandırıldı

UEFA SSKA-nın azarkeşləri ilə bağlı intizam araşdırmasına başlayıb. Bu səbəbdən "Qarabağ"la səfər matçına bilet satışı dayandırılıb.

Sportinfo.az xəbər verir ki, buna səbəb Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununda “Derri Siti” ilə matç zamanı yaşanan insidentlər olub.

Həmin oyunda SSKA azarkeşləri ilə rəqib fanatlar arasında insident baş verib, nəticədə oyun 15 dəqiqə dayandırılıb.

Bolqarıstanın sportal.bg saytının yazdığına görə, UEFA SSKA-ya qarşı beş ittiham irəli sürüb.

Bunlar tribunadan əşyaların atılması, stadiona ziyan vurulması, ictimai asayişin pozulması, irqçi və ya diskriminasiya xarakterli davranış, klub əməkdaşlarından birinin etik davranış qaydalarını pozmasıdır.

Klubun rəsmi saytında yayılan açıqlamada isə bildirilib ki, UEFA intizam işi yekunlaşana qədər Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”a qarşı Bakıda keçiriləcək oyuna SSKA azarkeşləri üçün bilet satılmamasını tövsiyə edib.

Buna baxmayaraq, Sofiya təmsilçisi azarkeşlərin iyulun 23-də keçiriləcək qarşılaşmada iştirak edə bilməsi üçün bütün imkanlardan istifadə edəcəyini vurğulayıb.

“Klubumuz UEFA qarşısında baş verən hadisələrlə, həmçinin “Derri” klubunun və Şimali İrlandiya hakimiyyətinin təhlükəsizlik tədbirləri və oyunun təşkili ilə bağlı fəaliyyətləri barədə bütün arqumentlərini təqdim edəcək”, – deyə açıqlamada qeyd olunub.

SSKA eyni zamanda azarkeşlərini təmkinli olmağa çağırıb, aqressiv davranışları, xuliqanlıq, irqçi və ayrı-seçkilik xarakterli hərəkətləri qəti şəkildə pislədiyini bildirib.

“Qarabağ” – SSKA matçı iyulun 23-də Bakıda keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti