Bazar piştaxtalarında kilorqramı 50 lirəyə satılan turp zəngin qida dəyəri ilə diqqət çəkir.
Tərkibindəki kükürdlü birləşmələr sayəsində kökündən yarpağına qədər faydalı olan bu tərəvəz düzgün istehlak edildikdə orqanizmə müsbət təsir göstərir.
Findıq turpu, qara turp, bəyaz turp və kələm turpu kimi növləri olan bu məhsul fərqli formalarında istifadə edilir.
Turp xüsusilə immunitet sistemini gücləndirən yüksək miqdarda C vitamininə malikdir. Ürək sağlamlığını qoruyan antioksidantlar və həzm sistemini tənzimləyən liflərlə zəngin olan bu tərəvəz aşağı kalorili çəkini idarə edənlərin rasionunda mühüm yer tutur.
Belə ki, 100 qramında cəmi 16 kalori olan məhsul qaraciyərin fəaliyyətini stimullaşdıraraq orqanizmdən toksinlərin xaric olunmasını sürətləndirir.
Tərəvəz həm də xalq təbabətində uzun əsrlərdir tətbiq olunur. Xüsusilə soyuqdəymə xəstəlikləri və inadkar öskürəyə qarşı qara turpun içi oyularaq balla saxlanılan qarışığı təbii üsul kimi geniş istifadə edilir.
Dünya mətbəxində müxtəlif üsullarla hazırlanan turpun bəyaz növü Asiya kulinariyasında şorbalara və sobada bişən yeməklərə əlavə olunur. Çox vaxt atılan turp yarpaqlarının kök hissəsindən daha çox vitaminə sahib olduğu və qovrularaq yeyilməsinin faydalı olduğu bildirilir.
Faydaları ilə yanaşı, bu tərəvəzin istifadəsi zamanı bəzi məqamlara diqqət yetirilməlidir. Tərkibindəki sıx kükürd səbəbindən yarana biləcək qaz problemlərinə qarşı ehtiyatlı olmaq lazımdır.
Eyni zamanda qalxanvari vəzi xəstəliklərindən əziyyət çəkənlərin də bu məhsulu normal miqdarda qəbul etməsi tövsiyə olunur.

