Ölkənin sayılıb-seçilən futbolçularından olan Qara Qarayevin millidən kənar qalması böyük səs-küyə səbəb olub.
“Qarabağ”ın yarımmüdafiəçisi sosial şəbəkədə bununla bağlı paylaşımında baş məşqçinin qərarına hörmətlə yanaşdığını bildirsə də, komanda yoldaşları və futbol ictimaiyyəti Canni de Byazinin qərarının seçimini birmənalı qarşılamır.
Hərə bir yolla Qaraya dəstək verməyə çalışır ki, yığmanın və “Qarabağ”ın sabiq futbolçularından biri daha çox diqqətləri üzərinə çəkib.
Uzun illər “Qarabağ”ın şərəfini qorumuş, hazırda AFFA-da milli komandalar üzrə menecer kimi fəaliyyət göstərən İlqar Qurbanov “feysbuk” hesabında Qarayevə qidalanmasına diqqət yetirməyi tövsiyə edib:
“McDonaldsa görə 9 il milliyə çağrılmadım Qara, yeməyinə, içməyinə fikir ver”.
Bilməyənlər üçün qeyd edək ki, İlqar Qurbanov karyerasının zirvəsində olan vaxtlarda millinin sabiq çalışdırıcısı Berti Foqts onu yığmaya dəvət etmirdi. Səbəb isə İlqarın “McDonalds”dan “fast food”larla qidalanması idi.
Qurbanov Foqtsun olduğu dönəmdə sonradan heç zaman yığmaya çağırılmadı. Həmin vaxt milliyə zədəli gedən futbolçu Foqts tərəfindən həmin vəziyyətdə məşqlərə çıxarılmışdı.
İlqar Qurbanovla Qara Qarayev çoxdanın tanışlarıdır. Onlar 2010-2016-cı illər aralığında “Qarabağ”da komanda yoldaşı olub.
Qarayevin Slovakiya və Qazaxıstanla oyunlara dəvət almamasına səbəb Canni De Byazi ilə bundan öncəki oyunlarda baş verən gərginlikdir.
Qara az oynaması ilə bağlı baş məşqçiyə irad bildirib və nəticədə onların arasında mübahisə yaşanıb.
HƏBİB / SPORTİNFO.AZ

