Ayxan Abbasova sözümü demək istəyirəm.
Bir qədər sakit olsun, hissə qapılmasın.
Hakimlərə bu qədər etiraz bildirmək əsəb itkisidir. Daş-divar düzələr, Rauf Cabarov düzəlməz. O, niyə hakim olsun ki…
VAR kamerasının önündə qış yuxusuna getmək adətidir. AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşekdən xahiş edərik, Raufun getodiyi stadionlara arxasınca yorğan-döşək də göndərər.
VAR kamerasının qarşısında rahat yatıb qalması üçün.
Allah insaf versin, bir mübahisəli epizodu nə qədər təkrar-təkrar izləmək olar axı. Bu zəhrimara qalmış VAR əksər ölkələrdə tətbiq olunur, amma görmədik ki, bir əcnəbi hakim kameranın qarşısında bir elə vaxt itirsin.
Premyer Liqamız Rauf «səviyyə»sində hakimlərlə doludur. Ayxan Abbasov əziyyət bahasına bu yerə gəlib çatıb, həmin kəslər isə tanış-tunuş hesabına.
Rauf da atası Gülağa Cabarovun zorla hakim etdiklərindəndir. Ona görə əsəbləri korlamağa dəyməz.
Abbasov, yoluna və özünə yaxşı bax! Məğlubiyyətlər hələ çox olacaq. «Turan» yeni yığılıb, hamıya «əlcək» atması üçün zaman keçməlidir, güclənməlidir.
O gün tez də gələ bilər, gec də. Tələsən təndirə düşər, saatın əqrəblərindən yapışıb onu zorla qabağa çəkməklə zaman qatarını sürətə gətirmək olmur.
ELNUR

