Premyer Liqanın 6-cı turunda baş tutan “Turan Tovuz” – “Kəpəz” qarşılaşması 2:0 hesabı ilə birincilərin xeyrinə başa çatdı.
Qərb derbisindən sonra meydan sahibləri sevinc içində olsa da, çox keçmədən əhvalları korlandı.
Gəncədən Tovuza gələn xeyli sayda azarkeşin qonaqlar üçün ayrılmış sektordakı oturacaqları sındırıb yararsız hala salması heç də xoş hal deyildi.
İndiyə qədər bu cür hadisələr zamanı bir çox hallarda məsuliyyəti qonaq klub öz üzərinə götürüb. Yəni stadiona ziyan vuran qonaq azarkeşlərdirsə, məsuliyyət azarkeşlik etdiyi klubun boynunda qalır.
Bildiyimizə görə, həmin gün Tovuz şəhər stadionunda 200-dən artıq oturacaq sıradan çıxıb. Problemi aradan qaldırmaq isə kifayət qədər maddi vəsait tələb edir.
“Turan Tovuz”un mətbuat katibi Süleyman Tağıyevlə söhbətdə məlum məsələyə aydınlıq gətirməyə, son durumu öyrənməyə çalışdıq:
“400-dən çox oturacaq sındırılıb, yararsız hala salınıb. “Kəpəz” rəsmilərinin özləri də gəlib baxdılar, saydılar.
Problemi öz aramızda həll edəcəyik. Belə deyim, “Kəpəz” tərəfi gətirib quraşdırmalıdır.
Ümumi məbləği deyə bilməyəcəm. Çünki qarşı tərəflə qiymət söhbəti etməmişik. Dəyən ziyanı özləri qarşılayacaq”.
AFFA-nın İntizam Komitəsinin dünən keçirilən iclasında sözügedən hadisəyə baxılıb. Yerli azarkeşlər tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə “Turan Tovuz” 800 manat cərimə olunub.
“Kəpəz”in “Xəmsə” fanklubunun azarkeşləri tərəfindən 110 ədəd oturacağın sındırılması ilə bağlı dəymiş zərəri Gəncə klubunun ödənilməsi barədə qərar verilib.
HƏBİB / SPORTİNFO.AZ

