Qazon üzrə mütəxəssis Ruslan Abdullayev Sportinfo.az-ın redaksiyasına müraciət edib.
Bu sahə üzrə ixtisaslaşan və kifayət qədər təcrübəsi olan aqronom Qəbələdəndir.
Vaxtilə rayonun eyniadlı klubunda çalışıb. O, böyük britaniyalı Filip Şarpleslə uzun müddət bir yerdə fəaliyyət göstərsə də, hazırda işsiz olmasına diqqət çəkib.
Məktubdan sitat: «Mən Filip Şarplesin ilk tələbəsiyəm. Beynəlxalq Aqronom Kollecindən sertifikat almışam. Məşhur «Pitchcare» şirkətinin aqronomluq sertifikatım olduğum halda, bu gün işsizəm.
Hazırda bəzi stadionların ot örtüyü qənaətbəxş vəziyyətdə deyil. Bunun səbəbini mövsümlə əlaqələndirmək lazımdır.
Ancaq mövsümü iqlim faktorlarını qarşılamaq üçün müəyyən addımlar atmaq lazımdır ki, ot örtüyünün (qazonun) keyfiyyət və estetik görünüşünə çox da zərər yetrməsin.
Mən ot üzrə mütəxəssis kimi «Qəbələ»də, «Bakı»da Gənclər və İdman Nazirliyinin bazasında, «Xəzər Lənkəran»da, Bakı Olimpiya Stadionunda, «Qalatasaray»ın «TT Arena»sında, «Kasımpaşa»da, «Bakcell Arena»da çalışmışam.
Uzun illərin təcrübəsi var məndə. İşsizliyimə səbəb ailə üzvlərimin sağlamlığındakı problemlərdir. Bu çətinliyi Allahın öyüklüyü ilə keçdim. Bəzi proseslər baş versə də, yenə şükür edrəm.
Bir daha vurğulamaq istərdim ki, ota qulluq üzrə ilk mütəxəssis olaraq, bu gün iş tapa bilmirəm. Xahiş edirəm, bunu işıqlandırın, ictimaiyyətə bildirin ki, işini mükəmməl bilən mütəxəssis belə bir çətinliklə üzləşib.
Amma vaxt var idi, «Qəbələ»də, «Xəzər Lənkəran»da, «Bakı»da stadionların ot örtüyünün keyfiyyətindən hamı ağızdolusu danışırdı.
Burada işləyən mütxəssislərdən biri, bəlkə də birincisi mən olmuşam.
Təəssüf edirəm ki, Tofiq Bəhramov adına Respublika stadionunun qazonu ilin bu vaxtı bərbad vəziyyətə düşüb. «Qarabağ» Avropa Liqası kimi mötəbər yarışda ev oyunlarını burada qəbul edir, ot örtüyü isə qənaətbəxş deyil».

