Peşəkar Futbol Liqası öncədən açıqladığı kimi, yeni mövsüm Premyer Liqanın hər turunun qarşılaşmalarını 3 günü əhatə edir.
Təbii ki, belədə həftəiçinə oyun təyin olunması da qaçılmaz olur.
Belə halla ən çox qarşılaşan isə "Turan Tovuz" komandasıdır.
Bölgə klubu arxada qalan 6 turdan üçündə həftəiçi günlərdə meydana çıxmaq məcburiyyətində qalıb. Bu isə komandanın tərəfdarlarında müəyyən narazılıq yaradır.
Bunu klubun sosial şəbəkə hesabındakı paylaşımlarda açıq-aydın görmək mümkündür. Ki, oyunlara qeyri iş günləri getmək daha münasibdir.
Aktual mövzu olduğu üçün PFL-in texniki idman direktoru Elgiz Abbasovla danışmağa qərar verdik.
Arxada qalan tur qərb derbisinə baxmaq üçün Tovuzda səfərdə olan qurumun rəsmisi öncə yerli tərəfdarlar barədə xoş sözlərini dilə gətirib:
"Tovuz azarkeşləri həqiqətən möhtəşəmdir. Onlar sona kimi komandaların dəstəklədilər. Azarkeş mədəniyyətlərinə canlı şahid oldum.
Buna tam əməl etdilər. Hətta əzəli rəqib olmasına baxmayaraq, "Kəpəz" komandasını da alqışladılar. Çox örnək bir addımdır. Arenalarımızın belə görüntülərə ciddi ehtiyacı var".
Narazılıq yaradan durumla bağlı isə Elgiz bəy bunları dedi: "Cəmi 6 tur oynanıb və "Turan Tovuz"un məlum səbəblərə görə "Qarabağ"la oyunu təxirə salınıb.
Birinci turun oyunu birinci gün baş tutub. Bu, sırf klubun texniki baza ilə bağlı müraciəti əsasında olub. Detallara çox varmaq istəmirəm. Sadəcə deyirəm ki, azarkeşlərin məlumatı olsun.
İkinci turun "Səbail"lə oyun şənbə günü keçirilib. 4-cü tur "Sumqayıt" səfəri cümə günü keçirilib. 5-ci tur "Şamaxı" ilə oyun da şənbə gününə təyin olunub.
"Kəpəz"lə sonuncu ev oyunu da 5-ci gün baş tutub. Ümumiyyətlə, əsas məsələ odur ki, rayonlara VAR sistemini göndərmək üçün əlimizdə bir ədəd maşın var.
Bu baxımdan da çalışırıq ki, bölgələrdəki oyunlar üst-üstə düşməsin. İnşallah, yaxın gələcəkdə bu məsələ də müsbət həllini tapmalıdır.
7-ci turda komandanın "Sabah"la matçının yenidən cümə gününə təyin olunması rəqibin heyətində yer alan milli üzvləri ilə bağldır. Baş məşqçi onların əsas yığmaya daha çox istirahət edib gəlməsi üçün bizə müraciət etmişdi.
Həm də digər tərəfdən hələ cəmi 6 tur arxada qalıb. İndidən qiymət vermək düzgün olmazdı. Qarşıda bizi daha 30 tur gözləyir.
Bu balans normal şəkildə qorunacaq. Azarkeşləri də gözəl başa düşürəm. Amma düşünmürəm ki, oyunun həftəiçinə təyin olunması onların qarşılaşmalara gəlməsinə təsir edir.
Çünki Tovuzdakı matçlara hələ 5000-dən az azarkeş gəlməsini görməmişik. Yekunda bildirmək istərdim ki, bu məsələ PFL-in tam nəzarətindədir və günlər üzrə balanslı bölüşdürmə təmin olunacaq".
XANOĞLAN / SPORTİNFO.AZ

