“Turan Tovuz”un ev oyunları zamanı diqqəti çəkən məqam həm yerli azarkeşləri, həm də futbol ictimaiyyətini narahat edir.
“CBC Sport”un canlı yayımı zamanı kameralar tovuzlu fanatların yer aldığı sektorlarda quraşdırılır ki, 90 dəqiqə ərzində əsasən qonaqların yer aldığı qarşı tribunalar göstərilir. Ora isə seyrək görünür.
Halbuki yenidən inşa olunan Şamaxı stadionunda vəziyyət fərqlidir.
Operatorlar üçün xüsusi yerlər quraşdırılıb ki, oyunboyu yerli azarkeşlərin tribunada yaratdığı ab-hava meydanda oynanılan futbola əlavə gözəllik qatır.
Çempionat başlayana qədər “Turan Tovuz”un ixtiyarında 2 aydan artıq vaxt var idi. Həmin müddətdə operatorlar üçün metal konstruksiyalı yerlər quraşdırmaq mümkün idi.
Stadiondakı nöqsanlar isə zamanında klub rəhbərliyinin diqqətinə çatdırılmışdı.
Belədə, işin icrasına kim və nə mane olub? Tovuzlu azarkeşlərin möhtəşəm dəstəyini efirdə görməyin qarşısı niyə alınıb?
Sualları klubun mətbuat katibi Süleyman Tağıyevə ünvanladıq:
“Məlum narahatlığı biz də başa düşürük. Amma indiki zamanda əlimizdən gələn bir şey yoxdur. Operatorların qarşı tərəfdən çəkiliş aparması üçün 3 ədəd 12 metrlik metal konstruksiyalı yer hazırlanmalıdır.
Bunun üçünsə ilk növbədə maliyyə lazımdır. Bəlkə də kənardan sadə dəmir parçası kimi görünür. Ancaq kifayət qədər xərc tələb edir.
Şamaxıdakı şəraiti görmüsünüz. Bir qurğu meydanın mərkəzi hissəsində qurulur ki, orada həm də şərhçi kabinası yer alır. Digər ikisi isə ofsayd kameraları üçün künc nöqtələrinə yaxın quraşdırılır.
Vəsait olandan sonra Fövqəladə Hallar Nazirliyinə müraciət olunmalıdır. Metal konstruksiyalar betonun üstündə yığılacaqsa, bunun üçün nazirlikdən gəlib baxmalı, icazə verməlidirlər.
İstənilən halda məsələ klub rəhbərliyinin diqqətindədir. AFFA-dan da gəlib baxıblar. Çalışacağıq ki, qış fasiləsinə qədər, ən pis halda qış fasiləsində həll edək”.
HƏBİB / SPORTİNFO.AZ

