Bu gün Azərbaycan futbolunda ən aktual olan mövzulardan biri də futbolçulara ödənilən məvaciblərdir.
Təəssüf, elə oyunçular var ki, dəyərindən daha artıq məvacib alırlar.
“Sportinfo TV”nin aparıcısı Elçin Cəfərov da bu məsələyə münasibət bildirib. Deyib ki, halal xoşları olsun, heç kimin pulunda-parasında gözü yoxdur:
“Klublarımız yerli futbolçulara layiq olduğundan artıq məvacib ödəyir. Onlar da deyir ki, legioner limitinə görə hazır olsam da, olmasam da, məni oynatmağa məcburdurlar.
Bu söhbət Azərbaycan səviyyəsində çox olub. Xatırlayırsızsa, bir neçə il öncə, ümumiyyətlə, fantastik məbləğlərdən söhbət gedirdi.
Sonradan AFFA-nın müdaxiləsi nəticəsində süni qiymət artımı müəyyən dərəcədə yoluna qoyuldu.
Düzdür, futbolçuların çəkdiyi əziyyəti, ağır rejimi unutmuruq. Lakin digər peşə sahibləri, o cümlədən, günəmuzd işləyən fəhlələr, müəllimlər, hərbçilər heç də az əziyyət çəkməsə də, bir ortabab futbolçunun illik qazancını 15-20 ilə əldə edə bilər.
Fikrimcə, arada bu qədər fərq olmamalıdır. Məhz bu səbəbdən də gənc futbolçularımız xaricə üz tutmaq istəmir.
Çünki legioner həyatı yaşadıqda daha çox əziyyət çəkməkdən qorxurlar, Ödəniş isə buradakından aşağıdır”.
Videonu bu linkə daxil olaraq izləyə bilərsiz:

