Yaşar Vahabzadə ilə vidalaşan «Kəpəz»in yeni baş məşqçisinin adına bugünlərdə aydınlıq gəlməlidir.
Şahin Diniyevlə söhbət alınmayıb, komanda müvəqqəti olaraq Xaliq Mərdanova tapşırılıb.
Onun bu postda uzun müddət qalmaq şansı yoxdur, baxmayaraq ki, gəncəli futbol veteranları keçmiş yarımmüdafiəçiyə şans verilməsini tələb edir.
Namizədlər içərisində Yunis Hüseynov, Aftandil Hacıyev, Tərlan Əhmədov və başqalarının adları çəkilir.
Böyük ehtimalla, AFFA elə onlar arasında seçim edəcək, əcnəbi sevdasına düşməyəcək. Klub doğma şəhərdən digərgin düşüb, digər şərtlər əlverişsizdir və çətin ki, hansısa xarici bu vəziyyətdə gəlib işə başlamağa razılıq versin.
Heç bir şərt irəli sürmədən görəvə gəlməyə razılaşan yeganə şəxs Tərlan Əhmədovdur. Bildiyimizə görə, o, bütün vasitələrdən, əlaqələrindən istifadə edərək, iş başına keçməyə çalışır.
Day adam qalmayıb, AFFA-ya minnətçi salmasın. Əldən-ayaqdan gedir ki, 2 illik işsizlik həyatına son qoysun.
Axırıncı dəfə «Şamaxı»da işləmiş Əhmədov nəyə görə futboldan uzaq düşməsinin səbəbini bilir. Elə AFFA-da əyləşən fiqurantlar da.
O. doğrudan da, çalışdığı müddətdə, istər «Neftçi»də olsun, istərsə də «Şamaxı»da – kifayət qədər ciddi səhvlərə yol verib, əlindən çoxlu sayda «xəta» çıxıb.
Aldığı yüksək əməkhaqqıya qane olmayıb, başqa «iş»lərə baş vurub. Neyləyib, neyləməyib, «keçib ta» demək olmaz yenə.
Belə məşqçilərin işləməsi təhlükəlidir, futbola təhdiddir. Hansı ağllı zəmanət verə bilər ki, Əhmədov bir komandanın sükanı arxasına keçsə, köhnə «şakərlər»indən əl çəkəcək? Ona nə tövbə ey!
Sözü ilə əməli üst-üstə düşməyən, sağ göstərib, sol vuran Əhmədovun yeri ən yaxşı halda uşaq futboludur, Premyer Liqada nə iti azıb!
İndiyədək AZAL-da, «Neftçi»də, «Şamaxı»da işləyib, hamısından da eyni səbəbdən – meydandankənar amillərə görə uzaqlaşdırılıb.
Gəncə kimi həssas şəhərin komandasını Tərlan Əhmədova tapşırmaq özünü qayadan atmaq bir şeydir. İpinin üstünə odun yığılması çətin məşqçidir. Mütəxəssis olmasına, təcrübəsinə söz yox, ancaq…
Futbolda daha önəmli, vacib, gərəkli incə nüanslar var, hansı ki, Əhmədovda çatışmayan da bunlardır elə. Xırdalığa getmədən AFFA-ya xatırlatmaq istəyirik ki, papaqlarını qarşılarına qoysunlar, yüz ölçüb bir biçsinlər.
Əlbəttə, federasiya mənsublarından kim(lər)insə, onun Premyer Liqaya qayıtmasında başqa niyyət/maraq güdənlər yoxdursa.
Biz deməli olduğumuzu dedik, nələrəsə eyham vurduq. Yəqin ki, başa düşən düşdü, düşməyən də ki…
KAMİL

