Bu klubun rəhbərliyi özbaşınadır ki?

1 Sentyabr 2022 15:00 Problem 1 273
Bu klubun rəhbərliyi özbaşınadır ki?

Deməsənmiş, Şahin Diniyevin «Kəpəz»lə 3 gündən bəri apardığı danışıqlar şərtlərin üst-üstə düşməməsi səbəbindən baş tutmayıb.

O dedi, biz də inandıq. Ay-hay! Belə pis çıxmasın, kimə gəlirsən?!

Diniyev elə danışır, elə iddia edir ki, lap bişmiş toyuğun da gülməyi gəlir. Guya, hamı kordur, bilmir ki, burada hər şeyi AFFA həll eləyir.

Yaşar Vahabzadəni «Kəpəz»ə göndərən də AFFA idi, oradan ayrılmasına icazə verən də. Komanda lap bütün oyunları uduzsaydı belə, əgər AFFA-dan səs çıxmasaydı, Vahabzadə ömür-billah Gəncəni tərk etməzdi, bitib qalardı orada.

Necə ki, I Divizionda 3 mövsümü elə bu cür keçirib.

Olsun bu Şahin Diniyevin özü. 2015-ci ildə «Kəpəz»ə AFFA-nın xətti ilə getməmişdimi? Oradan da elə federasiyaya görə ayrılmamışdı? O boyda həngaməni, qovğanı unutmaqmı olar heç?

AFFA Vahabzadədən sonra Diniyevi Gəncəyə ona görə qaytarmaq istəyirdi ki, «Burada bizik, Bağdadda kor xəlifə» deyiminin qüvvədə olmasını qoy hər yerindən qalxan bilsin.

Bununla göstərmək niyyətləri var idi ki, bəs kim nə deyir desin, nə danışır danışsın, nə cür etiraz etsin, «Kəpəz» bizlikdir, ağayıq, necə istəyirik, nə cür istəyirik, onu da edərik.

«Kəpəz» rəhbərliyi bəyəm özbaşınadır ki, AFFA-nın kadrının önünə şərtlər qoysun?

Bu tərəfdən, bəyəm Diniyev bilmirdi ki, «Kəpəz»də vəziyyət necədir, komandanın büdcəsi nədir, Gəncədə oynayır, ya yox? Əlbəttə, hər şeyi çox gözəl bilirdi, elə əlinin içi kimi.

Sadəcə, ictimai qınaq AFFA-nın gözlədiyindən qat-qat güclü və sərt oldu. Ehtiyat etdilər, riskə getmədilər.

Respublikanın ikinci ən böyük şəhərinin futbol elitasını, sadə azarkeş ordusunu təkrar öz üzərlərinə qaldırmaqdan qorxdular.

Odla oynamaq bir Allah bəndəsinə xoşbəxtlik gətirməyib. Bir balaca geci-tezi var, vaxtı çatanda ağ qoyunla qara qoyunun fərqi bilinir.

AFFA-nın idarəçiləri birdən barmağını dişlədi ki, vay dadi-bidad, Diniyevi «Kəpəz»ə qaytararıq, aləm dəyər bir-birinə, səs-sorağı lap gedib çıxar yuxarı, sonra nə edərik, götürüb mitilimizi atarlar bayıra.

Onsuz da, futbol ictimaiyyəti nəfəsini tutub ki. bu gün AFFA-da islahat başlayar, sabah başlayar.

Belə bir həssas məqamda Diniyevə görə Gəncə azarkeşini ayağa qaldırmaq, heysiyyatı ilə oynamaq AFFA-nın ən ağılsız addımı olardı. Bunu dərk etdilər, geri çəkildilər, çox şükür!

KAMİL

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti