Premyer Liqanın 4-cü turunun gərgin matçlarından biri Sumqayıtda baş tutdu.
Burada yerli komanda “Turan Tovuz”la üz-üzə gəlirdi.
Bərabərliklə (0-0) başa çatan görüşü izləyənlər arasında Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi də vardı.
O, köməkçisi Arif Əsədovla bərabər “Kapital Bank Arena”ya təşrif buyurmuşdu.
Amma kifayət qədər gərgin keçən matçı son kimi izləməyə italiyan mütəxəssisin səbri çatmadı.
Belə ki, matç başa çatmamış italiyan mütəxəssis öz komandası ilə birgə arenanı tərk etdi.
Halbuki onun ilk vəzifəsi məhz Premyer Liqa matçlarını izləməsidir. Ki, milli komandaya namizəd futbolçuları yaxından görsün və ya yeni namizədlər kəşf etsin.
Buna görə 64 yaşlı mütəxəssisə hər ay 50 min manat maaş verilir.
Görünür, hər ayın sonunda alacağı pulu həvəslə gözləyən De Byaziyə bu qədər qazanc əldə etdiyi ölkənin Premyer Liqası, futbolçuları heç də maraqlı deyil.
Oyunlara gəlmək də gözdən pərdə asmaqdan başqa bir şey deyil. Əksi olsaydı, o, kifayət qədər dramatik keçən oyunu son saniyəsinə kimi izləyərdi.
XANOĞLAN / SPORTİNFO.AZ

