“Oynadar, özü bilər, oynatmaz, Allah canını sağ eləsin! - Kölgədə qalan futbolçu

24 Avqust 2022 09:40 Problem 2 385
“Oynadar, özü bilər, oynatmaz, Allah canını sağ eləsin! - Kölgədə qalan futbolçu

“Oynamamağımın səbəbini baş məşqçidən soruşsanız, tutarlı cavab ala bilərsiniz. Çünki sualın cavabını bilmirəm.

Bildiyim odur ki, “Kəpəz”lə futbolçu kimi müqavilə bağlamışam və oynamağa hazıram”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Kəpəz”in təcrübəli futbolçularından olan Əfran İsmayılov deyib.

Premyer Liqanın 3 turu geridə qalmasına baxmayaraq, Yaşar Vahabzadə millimizin sabiq üzvünə 1 dəqiqə belə şans verməyib.

Halbuki “Qəbələ” ilə sonuncu oyunda komanda 0:3 hesabı ilə geridəydi ki, baş məşqçi son 10-15 dəqiqədə Əfrana güvənə bilərdi.

Ayyarımdır komanda ilə birlikdə olan vinger özünü meydana çıxmağa hazır saydığı halda ona 10-15 dəqiqə oynamaq şansı verilmirsə, deməli məsələnin kökündə bilmədiyimiz nəsə var.

Əfran bu cür hallarda peşəkar davranmağı üstün tutduğunu bildirib:

“İndiyə qədər heç vaxt məşqçilərin işinə qarışmamışam. Bundan sonra da qarışmaq fikrim yoxdur.

Qərar baş məşqçinindir. Oynadar, özü bilər, oynatmaz, Allah canını sağ eləsin!. Komandada söz sahibi odur, mənim nəsə deməyimlə heç nə dəyişməyəcək.

Özü də görür ki, məşqlərdə can qoyuram, artıq çəkimi atmışam. 83 kilodan 79-a düşmüşəm.

4-5 kilo çəki atmışamsa, deməli, formaya düşməyə yaxınam. Şans versə, 5-10 dəqiqə yox, 30, hətta 60 dəqiqə də oynayaram.

Yenə deyirəm, baş məşqçinin işinə qarışmaq fikrim yoxdur. Nə fikirləşir, nəyi gözləyir – bu, onun qərarıdır. Mənim işim məşqimi etmək, oyuna hazırlaşmaqdır”.

Əfran İsmayılov karyerası ərzində “Qarabağ”, “Turan”, “Bakı”, “Xəzər Lənkəran”, “İnter” (“Şamaxı”), “Sumqayıt”, “Səbail”in formasını geyinib, uzun illər ölkənin əsas millisinin uğurları üçün tər töküb.

2010-2018-ci illər aralğında Azərbaycan yığmasında meydana çıxdığı 39 matçda 5 qol vurub.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti