Gəncənin icra başçısı Niyazi Bayramov “Kəpəz”ə maliyyə yardımı göstərməkdən imtina edib.
Qərb şəhərinin bir nömrəli şəxsi İcra Hakimiyyətinin maddi köməkliyi etmək gücündə olmadığını klub rəsmilərinin diqqətinə çatdırıb.
Halbuki Gəncə şəhər İcra Hakimiyyəti (İH) “Kəpəz”ə maliyyə dəstəyi verməyi öz üzərinə götürmüşdü.
Plana görə, iyulda fond yaradılmalı idi, bu da olmadı.
Gəncədə fəaliyyət göstərən şirkət və müəssisələr, həmçinin fiziki şəxslər ora pul köçürəcəkdi. Toplanan vəsait əsas komandaya mükafat ödənilməsi və uşaq futbol akademiyasının saxlanılmasına sərf olunacaqdi.
İyulun əvvəlində icra başçısı Niyazi Bayramov “Kəpəz”in rəhbərliyini qəbul etmişdi. Görüşə klubun Müşahidə Şurasının üzvü Həmid Nəsirov və icraçı direktor İlqar Nadiri qatılmışdı.
“Kəpəz”in yenidən Premyer Liqaya çıxmasını Gəncə futbolunun adına müsbət məqam kimi dəyərləndirən icra başçısı azarkeşlərin həmişə kluba böyük maraq göstərməsindən danışıb.
Gəncə futbolunun köklü tarixindən, ənənəsindən bəhs edən Bayramov şəhər stadionunun ərazisində salınan meydançalar və futbol akademiyasının inşası ilə maraqlanıb.
O vurğulayıb ki, şəraitin yaxşılaşması, akademiyanın fəaliyyətə başlaması uşaq futbolunun inkişafına əhəmiyyətli dərəcədə təkan verəcək.
Şəhər rəhbəri “Kəpəz”in əvvəlki əzəmətini bərpa edəcəyinə, özünəməxsus ruhu geri qaytaracağına və yenidən azarkeşləri qələbələrlə sevindirəcəyinə inandığını bildirib.
Müşahidə Şurasının üzvü, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov kluba sponsorların, iş adamlarının cəlb olunması istiqamətində Futbolun İnkişafı Fondu ilə daim təmasda olduqlarını, bu istiqamətdə işlərin aparıldığını deyib.
İanalərin toplanması üçün müxtəlif aksiyaların təşkilinin nəzərdə tutulduğunu açıqlayıb.
Görüşün sonunda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova “Kəpəz”in forması və şərfi hədiyyə olunub. Hədiyyələrə görə təşəkkür edən icra başçısı ianə toplama aksiyası çərçivəsində komandaya dəstək verəcəyini bildirib.
Ancaq... Bu vəd də bugünədək yerinə yetirilməyib.
SPORTİNFO.AZ

