Elxan Məmmədov qorxusu

23 Avqust 2022 09:40 Problem 1 672
Elxan Məmmədov qorxusu

Təbii ki, həyatda olduğu kimi, futbolda da hər şeyin bir sonu var.

Gəncə azarkeşləri heç ürəyini sıxmasın, Yaşar Vahabzadə də “Kəpəz”i tərk edəcək.

Süleymana qalmayan dünyadır, onun da buradan göndəriləcəyi gün gələcək. Tezmi olacaq, gecmi olacaq, hələlik bir proqnoz verə bilmirəm.

Güman edirəm, o gün çox da uzaqda deyil. AFFA nə qədər onu müdafiə etsə, “Kəpəz”sevərlərin iradlarını, tələblərini qulaqardına vursa da, daş qayaya rast gəlib.

Qaradan tünd rəng yoxdur və sirkə nə qədər tünd olsa, öz qabını yandırar.

Gəncəli fanatlar Qəbələdə də Vahabzadəni istefaya səslədi və sözsüz, bütün bunlar AFFA-nın gözü qabağında baş verir.

Hər halda bu qurumda futbolu bilən insanlar da çalışır və başa düşürlər ki, addımbaşı sadə azarkeşlərin heysiyyatı ilə oynamaq olmaz, təhlükəlidir.

İnanıram ki, onların içindən bir vicdanlı şəxs də tapılacaq, zəng vuracaq Parisə, Elxan Məmmədovu inandıracaq ki, gəl, daşı tök ətəyindən, icazə ver, Vahabzadəni Gəncədən yola salaq.

Mən Yaşar Vahabzadəni də pis tanımıram. Həyatını təmin etmiş adamdır. Nəyi yoxdur ki... İstənilmədiyi yerdə 3 saatdan artıq qalmaz.

Üç ildən artıqdır bunca təzyiqin önündə yenə “Kəpəz”dən getməyibsə, işini davam etdirirsə, bilin ki, o, bunu məcburiyyət qarşısında edir.

Doğrudanmı, fikirləşirsiz ki, yaşının bu çağında lazımdır ona bir belə xoş olmayan sözlər eşitmək?

Parisdə mənzillənən ağadan qorxur, sadəcə. Tanıyır Elxan Məmmədovu, şübhə eləmir ki, öz istəyi ilə ”Kəpəz”dən ayrılsa, bir də heç U-15 yığmasında da işləməyəcək.

Elxan Məmmədov ondan xəbərsiz iş görən, sözündən çıxan kadrları bağışlamayıb və bağışlamır.

KAMİL

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti