“Kəpəz”in başı dərddədir.
4 illik fasilədən sonra Premyer Liqaya qayıdan Gəncə təmsilçisi mövsümə olduqca uğursuz başlayıb.
“Sarı-göyər” 3 oyundan sonra çempionatın aktivinə xal yazdıra bilməyən yeganə komandasıdır. Vurulan 3 qolun qarşılığında qapısında 10 top görməsi də ciddi həyəcan siqnalıdır.
“Kəpəz”in düşdüyü vəziyyət təkcə azarkeşləri yox, klub rəhbərliyini, maliyyə ayıranları da narahat etməyə başlayıb.
Yaşar Vahabzadəyə lazım olan şərait yaradılıb, təcrübəli yerli futbolçular cəlb olunub, 7 legioner alınıb. Bunun qarşılığında ortada heç nə yoxdur. Nə nəticə, nə də gələcəyə ümid verən oyun.
Yaşar Vahabzadə öz xoşu ilə gedən deyil, bu, hamıya məlumdur. Hələ ötən ildən azarkeşlərin tənqid və təhqiri qarşısında susaraq 5 manat qazancı hər şeydən üstün tutan təcrübəli mütəxəssisə rəhbərlik qapını göstərməsə, heç yerə gedən deyil.
Məşqçilər Komitəsindəki 1100 manatlıq maaşla dolanmağın çətinliyini anlayan Vahabzadə hər cür çətinliklər qarşısında “Kəpəz”də işləməyə və dözməyə razıdır. Azarkeşlər nə etsə də, postundan ayrılmayacaq. Artıq bunu rəhbərlikdə təmsil olunanlar da bilir.
Odur ki, Yaşar bəyə vaxt verilib – birinci dövrənin sonuna kimi.
“Kəpəz” qarşıdakı 1 ayda, yəni millinin sentyabrın sonundakı toplanışına qədər 4 oyun keçirməlidir. Növbəti turda “Səbail”in qonağı olacaq, ardınca növbə ilə “Qarabağ”, “Turan Tovuz” və “Şamaxı” ilə qarşılaşacaq.
“Qarabağ”ı çıxsaq, digər 3 komanda gəncəlilərin “dişinə görə” rəqibdir. Yaşar Vahabzadənin komandası bu matçlardan qələbə ilə ayrılıb vəziyyəti yaxşıya doğru dəyişə bilməsə, baş məşqçi oktyabrı görmədən istefaya göndəriləcək.
“Kəpəz”in ilk 3 turdakı rəqibləri bu yay ölkəmizi avrokuboklarda təmsil edən komandalar olduğundan, başbilənlər bir qədər səbrli davranmağı üstün tuturdu. Amma “Səbail”ə və digərlərinə yenilgilər dözülməz olacaq.
Azarkeşlərin narazılığı ilə yanaşı, komandadakı bəzi futbolçuların Yaşar Vahabzadənin məşqçilik təcrübəsindən narazı qalması, onu Premyer Liqalıq mütəxəssis hesab etməməsi rəhbərliyin diqqət mərkəzindədir. Bir qrup futbolçu uğursuzluğa görə məhz baş məşqçini günahkar görür.
Odur ki, avqustun 27-də “Səbail”lə oyun Yaşar bəy üçün sonuncu ola bilər. Nisbi uğur nəticəsində zaman 7-ci tura qədər uzanacaq. O vaxta qədər yaxşıya doğru dəyişiklik olmasa, baş məşqçi qapını çöldən bağlamalı olacaq.
HƏBİB / SPORTİNFO.AZ

