“İmişli” Futbol Klubunun rəhbərliyinin seçimlərdə uğur qazanmış futbolçularla iclası keçirilmişdir. Klubun rəhbəri Aqşin müəllim futbolçuları salamlamış və gündəlikdə duran məsələləri diqqətə çatdırmışdır. Komandanın baş məşqçisi Ruhid Usubov keçirilən məşq prosesi haqqında eləcə də seçimlərdə uğur qazanmış futbolçular haqqında məlumat vermişdir. Sonda seçimlərdə uğur qazanan futbolçularla klub arasında müqavilə imzalanmışdır. Klubun rəhbəri Aqşin müəllim klubun hədəfləri haqqında danışmış eləcədə baş məşqçiyə və futbolçulara öz tapşırıqlarını verərək onlara uğurlar arzulamışdır. Məlumat üçün bildiririk ki, əsas heyət haqqında azarkeşlərə məlumat veriləcək”.
Bu post yeni mövsüm Birinci Divizionda çıxış etmək imkanı yaradılan “İmişli” klubunun rəsmi feysbuk səhifəsində paylaşılıb. İlk baxışdan hər şey gözəl, pakizə. Amma ilk baxışdan…
Davamında görüşdən paylaşılmış fotolara diqqət etməyi də məqsədəuyğun hesab edirəm. Gərək ki heç hesab etməzdim…
İlk olaraq iclasın keçirildiyi otağın lövhəsində yazılan nizamsız, yola verdi “İmişli” FK yazısı diqqət çəkir. Peşəkar klubun iclas zalından asmağa klubun adı olan normal bir pankartmı, bayraqmı tapa bilməməsi sadəcə üzücüdür.
Davamında baş məşqçi Ruhid Usubovun forması nəzərdən qaçmır. Gənc mütəxəssis əhəmiyyətli iclasda Almaniya milli yığma komandasının formasında iştirak edir.
Müqavilə imzalanan futbolçular da hərəsi bir zövqdə, rəngə, geyimdə. Həm də “İmişli” klubu ilə əlaqəsi olmayan geyimdə.
Ümumiyyətlə, rəhbər, məşqçi və futbolçu heyətindən bir nəfərdə belə klubun forması yoxdur.
Təbii ki, bundan nə məşqçi günahkardı, nə də futbolçular. Mənzərəyə baxıb, xəcalət çəkməli adamlar AFFA rəhbərliyidir. Ki, peşəkar status verib, peşəkar liqaya buraxdıqları kluba vəd etdiklərini hələ də verməyiblər. Baxmayaraq ki, 3 gündən sonra Birinci Divizionda yeni mövsüm start götürür.
Hələ Ruhid Usubovun timsalında ordakı bütün şəxslər qəhrəmandılar. Çünki dogma rayonlarının nüfuzu üçün, böyük futbolun orda olması üçün bütün çətinliklərə rəğmən sinələrini qabağa veriblər. Amma nə vaxta kimi?
XANOĞLAN / SPORTİNFO.AZ

