Tor tərpədən topa görə yer tərpədən topa haqq qazandıranlar

8 Avqust 2022 02:50 Problem 469
Tor tərpədən topa görə yer tərpədən topa haqq qazandıranlar

1988-ci ilin yaz aylarıydı, ölkəmizin Gürcüstana yaxın rayonlarından olan bir futbol azarkeşi tanışımız gülə-gülə danışırdı ki, Tiflisdə “Ararat”la yerli “Dinamo” komandasının gərgin keçən oyununda gürcü azarkeşlər bir ağızdan, xorla “Sum-qa-it” qışqırıblar və erməni futbolçular dəliyə dönüblər.

Azarkeşlərin Azərbaycanın üçüncü böyük şəhərinin adını xorla səsləndirməsinə səbəb “Ararat”ın “Dinamo”ya güc göstərməsi, hesabda irəli çıxması və hərəkətləri ilə azarkeşləri cırnatması olub.

Erməni futbolçuların, eləcə də bu matçı izləyən erməni azarkeşlərin “Sum-qa-it” şüarına görə çılğınlaşmasının səbəbi isə bəllidir: bu matçdan 3-4 ay əvvəl Sumqayıt şəhərində ermənilərə qarşı xoşagəlməz hadisələr baş vermişdi.

Gürcü azarkeşlər bu xorla erməni futbolçulara psixoloji təsir göstərmək istəyiblər, yəni “sizə nə ediblərsə, düz ediblər”. Bu, futbol rəqabətindən doğan hiddət və nifrətin püskürməsi olub.

Ermənilər Sumqayıt hadisələrini üfürüb-şişirib, özləri haqqında “əzabkeş millət” təbliğatı apardıqlarından hesab ediblər ki, gürcülər onların yarasının közünü qopardır.

Arada biz qalmışdıq və gürcü azarkeşlər öz məsuliyyətsiz qışqırıqları ilə arı yuvasına çöp uzatmış, 1988-cı ilin fevral ayının 28-də Sumqayıtda baş vermiş pis hadisələri yenidən yaddaşlarda təzələmişdilər.

Dünən bənzər hadisə İstanbulda yaşanıb. Bu dəfə qardaş ölkənin məşhur “Fənərbağça” klubunun azarkeşləri Kiyev “Dinamo”sunun oyunçularını pisikdirmək, onlardan acıq çıxmaq üçün bu yola gediblər, 2022-ci ilin fevralında Ukraynaya hücum əmri vermiş Rusiya prezidenti Vladimir Putinin ad-soyadını xorla qışqırıblar.

O uzaq 88-ci ilin qışı və yayında baş verən hadisələr, bu da 2022-ci ilin qışında və indi baş verən bənzər olaylar. Zaman dəyişib, amma futbol azarkeşliyi ehtirasının şiddəti dəyişməyib.

Adamlar anlamırlar ki, içinə hava üfürülmüş yuvarlaq dərinin gah bu, gah da üzbəüzdəki qoşa dirəklərin üstündəki tirin altında keçib tora dəyməsi heç bir halda insan faciəsini xatırladaraq kimlərdənsə acıq çıxmağa əsas vermir.

Futbol topları o tora dəyəndə heç kimə heç nə olmur, amma səhra topları binaları vuranda on minlərlə məsum insan ölür, bəşəri faciə yaşanır.
Bir tərəfdə iki gündən sonra unudulacaq futbol məğlubiyyətinin acısı, o biri tərəfdə 100 il sonra da unudulmayacaq müharibə faciəsinin ağrısı... Müqayisəyə gəlməyəcək şeylərdir.

Fəqət, “Fənərbağça” azarkeşləri futbol məğlubiyyətinin acığını rəqiblərindən bu cür çıxdılar və həm özlərinin, həm də bütövlükdə Türkiyənin adını dilə-dişə saldılar. Bütün dünya Putin Rusiyasının aqressiyasına qarşı çıxdığı halda, məsuliyyətsiz və gözü dönmüş azarkeşlərin Putinə dəstək ifadə etməsi rəzillikdən başqa bir şey deyildi.

Yaxşı ki, heç də hamı bəsirəti bağlanmış “Fənər” fanatiki deyil, sağlam düşünən futbol azarkeşləri də çoxdur və onlar ard-arda bu kimi statuslar yazırlar:

“Bir Fənərbaçxa tərəfdarı olaraq xəcalət çəkirəm. Adam hansı haqla, hansı düşüncə ilə Ukrayna klubu ilə oyunda əli uşaq qanına bulaşmış Putinin adını qışqıra bilər?”;

“1997-ci ildən "Fənərbağça"ya azarkeşlik edirdim. Fenerbahçe" mənim üçün bitmişdir!”

Ən pisi odur ki, bu hadisəni adi futbol azarkeşliyi kimi qələmə verib müdafiə edənlər, idman rəqabətini müharibə düşmənçiliyi ilə qarışdıran azarkeşlərə haqq qazandıranlar var.

Kim bilir, bəlkə bizim azarkeşlər də nə vaxtsa hissə qapılıb belə xoşagəlməz aktlara qol qoyardılar. Bilmək olmaz. Amma bunu etsə də, yalnız bir qrup edə bilər, azarkeş kütləsi tam olaraq bu biabırçı olayda iştirak etməməlidir.

Bütün dünya belə hadisələri qınayır, lənətləyir. İsrailin hansısa komandasının oyununda “Hitler” qışqırmaq mümkündürmü? Prinsipcə, mümkündür, amma bunun cəzası ağır olar, İsrail dövləti bu şüarı qışqıran dövlətin başını ağrıdar, həmin klubun cəzalandırılmasına nail olar, azarkeşlərini isə bir müddət öz sevimli komandalarının oyununa baxmaqdan məhrum etdirər.

Faşizmə, kütləvi qətllərə haqq qazandırmaq ona müəlliflik etmək, bənzər cinayətləri törətməyə hazır olmaq kimi bir şeydir.

Xalid KAZIMLI

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!