“Kəpəz”i “qaynar qazan”a çevirən GİZLİ QÜVVƏ kim(lər)dir?

4 Avqust 2022 20:00 Problem 1 255
“Kəpəz”i “qaynar qazan”a çevirən GİZLİ QÜVVƏ kim(lər)dir?

Yeni mövsüm Premyer Liqada mübarizə aparacaq klublardan biri də “Kəpəz” olacaq.

4 illik aradan sonra Premyer Liqaya qayıdışı iştirak xatirinə iştirak da adlandıra bilərik.

Əslində qərar veriləndə sevinmişdik. Hər halda futbol şəhəri olan Gəncənin əzəmətli “Kəpəz”ini yüksək liqada görmək hamı üçün uzun müddətdən bəri gözlənilən arzu idi.

Amma nə biləydik ki, böyük tarixi olan klubun başına belə oyunlar açılacaq.

Premyer Liqa klubunun normal hazırlıq keçə bilməmək, normal heyət qura bilməmək, normal yoxlama oyunları keçirə bilməmək kimi qlobal problemlərinə sanki alışmışdıq, xırda görməyə və ya xırdalamağa çalışmışdıq.

Hamımız “Təzədi, düzələr” təsəllisi ilə gələcəyə ümid yaratmağa davam edirdik. Ta ki son qərara qədər...

Çempionatın startına cəmi 4 gün qalmış “Kəpəz”i doğma meydanda da oynamaq hüququ əlindən alındı.

Bütün maneələrə rəğmən komanda öz sadiq fanatlarının dəstəyinə bel bağlayıb, ən azından ev matçlarında xal(lar)qazanmaq barədə düşünürdü.

Komanda üzvləri dünənə kimi doğma şəhərdə idi. Rəhbərlik, futbolçular, məşqçilər, azarkeşlər böyük həyəcan və istəklə ilk turda qarşılaşacaqları “Zirə” ilə sabahkı matçı gözləyirdilər.

Çempionatı keçirən qurum olan Peşəkar Futbol Liqasının rəsmilərinən gələn açıqlamalarından da bunu hiss etməmək mümkün deyildi. Amma son anda nə baş verdisə, bunu da komanda üçün çox gördülər.

Səbəb isə arenanın bəzi tribunalarının qəzalı olması göstərildi. Yəqin ki, diqqət etdiz – BƏZİ!

Deməli, azarkeş qəbul etməyə yararlı tribuna da yox, tribunalar varmış. O zaman həmin yerlərə icazə verilməklə oyun Gəncə Şəhər stadionunda keçirmək olarmış.

Tribunları keçək, stadionun ot örtüyü ki, ideal vəziyyətdədir. Ən azı azarkeşsiz olsa belə matçı Gəncədə keçirmək olardı. Deməli, qarşılaşmanın Gəncədə keçirilməsi üçün şərtlə münasibdir.

Amma ən uyğunsuz qərar verildi – “Kəpəz” 400 km uzaqda yerləşən Mərdəkandakı “Dalğa Arena”ya göndərildi. Bunun adı qərəzdi, bölgə klubu ilə düşmənçilikdir, onsuz da gücsüz görünən “Kəpəz”i daha da sındırmaqdır. Mən başqa izah tapa bilmirəm.

Bəs bu düşmənçiliyi kimlər və niyə edir? Zaman hər şeyə məlhəmdir. Çox keçməz bu suallar da aydınlığa çıxar. Ona kimi isə “Kəpəz”ə düşdüyü, daha doğrusu düşürüldüyü qaranlıqda mətin olmağı arzu edirik. Nə qədər çətin, ağır olduğunu bilə-bilə...

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti