Ölkənin tanınmış futbolçularından olan Əfran İsmayılov karyerasını “Kəpəz”də davam etdirəcək.
Son günlər Gəncə təmsilçisinin sıralarında məşq edən 33 yaşlı yarımmüdafiəçi yeni klubu ilə 1 illik anlaşma imzaladı.
Əfranın əsasən aparıcı və paytaxt komandaların heyətində göründüyünü nəzərə alsaq, karyerasını iddiası böyük olmayan “Kəpəz”də davam etdirməyə razılıq verməsi kənardan qəribə görünür.
Maraqlıdır, İsmayılov özünü “sarı-göylər”in heyətində necə hiss edir? Bölgə komandasındakı çıxışından gözləntisi nədir?
Öz dilindən eşidək:
“Səmimi danışmaq, bu gün tək “Kəpəz”də yox, bir çox klublarda maliyyə baxımından problemlər mövcuddur. Büdcəyə pulun köçürülməməsi işləri çətinləşdirib.
Amma rəhbərlik sağ olsun, komandaya elə dəstək verir ki, futbolçular həmin problemi hiss etməsin. “Dalğa Arena”nın təbii örtüyündə məşq edirik, təlim-məşq bazasında məskunlaşmışıq.
Gəncə stadionunda görülən işlər tam yekunlaşana qədər vəziyyətin necə olacağını bilmirik. Hazırda bu yöndə çalışmalar gedir.
Azarkeşlərin bizdən nə istəməsinin, nə tələb etməsinin fərqindəyəm. Komandaya faydalı olmaq üçün əlimdən gələni etməyə çalışacağam”.
Əfran İsmayılov karyerası ərzində “Qarabağ”, “Bakı”, “Xəzər Lənkəran”, “İnter” (indiki “Şamaxı”), “Sumqayıt” və “Səbail”in formasını geyinib, Azərbaycanın əsas millisində 39 oyunda 5 qol vurub.
HƏBİB / SPORTİNFO.AZ

