Azərbaycan futbolu bu rəzaləti də gördü – Rəis klubu "ələ keçirdi"

26 İyul 2022 19:00 Problem 7 533
Azərbaycan futbolu bu rəzaləti də gördü – Rəis klubu "ələ keçirdi"

9 illik aradan sonra Premyer Liqaya qayıdan «Turan Tovuz»un sevinci gözündə qalıb.

Bölgə klubu hələ bu dönüşün keyfini çıxarmamış qara buludlar onun başının üzərini alıb.

Vəziyyət o qədər gərgin və dolaşıqdır ki...

Hadisələrin mərkəzində kənar qüvvələr dayanır. Hansı ki, uzun illər boyu «Turan»a yaxından-uzaqdan köməyi dəyməyib, ən çətin dönəmlərdə ortalıqda görünməyiblər, harada olduqları, nə iş gördükləri bilinməyib.

Gənclər və İdman Nazirliyinin Tovuz rayon idarəsinin rəisi Sahib Ələsgərov klubda aləmi bir-birinə qatıb.

İcra başçısı Məmməd Məmmədova yaxınlığı ilə bilinən idarə rəisi «Turan Tovuz»un möhür və ştampını əldə edib. Ələsgərov rayon rəhbərinin adını çəkərək, onları idman direktoru Nadir Nəbiyevdən alıb.

O, bazaya gələrək, «Turan Tovuz»a bundan sonra özünün nəzarət edəcəyini söyləyib. Ələsgərov ondan xəbərsiz heç bir maliyyə məsələsinin həll olunmayacağını bildirib.

İdarə rəisi deyib ki, icra başçısı ona bu səlahiyyəti verib və klubda görülən işlər barədə mütəmadi hesabatlar hazırlanmalıdır.

Təbii ki, AFFA-nın son hadisələrdən xəbəri var. Klubun Müşahidə Şurasının sədri postunu prezident vəzifəsinə dəyişən Oqtay Abdullayev problem haqda federasiyanı məlumatlandırıb. Gəl ki, AFFA-nın idarəçilərinin proseslərə təsir imkanı çox zəifdir.

İndi burada həlledici güc icra başçısıdır. Çünki «Turan Tovuz» Premyer Liqaya Məmməd Məmmədovun maddi dəstəyi ilə hazırlıq görür.

SOCAR/AFFA iyunun üçüncü yarısından məşqlərə başlayan qərb təmsilçisinə bugünədək 1 qəpik də vəsait ayırmayıb. Bölgə nümayəndəsi ötən müddətdə icra başçısından ən azı 50 min manat borc götürüb.

Görünür, Sahib Ələsgərov da yaranmış qeyri-müəyyənlikdən bu məqsədlə yararlanmağa çalışır.

Necə də olmasa. 20 ildən artıqdır rayonun idman həyatına rəhbərlik edir və ondan nazirliyə çoxsaylı şikayət məktublarının getməsinə baxmayaraq, hələ də vəzifəsindədir.

Onun klubun Müşahidə Şurasının sədri postuna iddia etməsi də indiyədək «qaşın üstdə gözün var» xəbərdarlığı ilə qarşılaşmamasından irəli gəlir.

P.S. Məsələ ilə bağlı tərəflərə tribuna verməyə hazırıq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti