“Qəbələ”nin futbolçusu İlkin Qırtımovun Macarıstanda üzləşdiyi xoşagəlməz hadisə oyunu izləyənlərin “ürəyini ağzına gətirdi”.
İlk hissənin sonuna yaxın rəqib futbolçu ilə toqquşma zamanı huşunu itirib yerə yıxılan təcrübəli müdafiəçinin dili qatlanmaq üzər ikən,
kapitan Asif Məmmədov ilkin yardım göstərib Qırtımova ikinci həyatı verdi.
İlkin gecəni xəstəxanada yatdı, səhər sərbəst buraxılıb “Qəbələ” ilə birlikdə vətənə qayıtdı. Hazırda vəziyyəti yaxşıdır, məşq edir, hadisəni unutmağa çalışır.
Deyilənə görə, bu cür zədələrlə üzləşən futbolçuları yenidən həmin təhlükə gözləyir. Yəni dilqatlanma yaşayan idmançının mübarizə meydanına ayaq basması olduqca risklidir.
Mələsəyə aydınlıq gətirmək, İlkinin gələcəkdə futbol oynamasının nə dərəcədə riskli olduğunu öyrənmək üçün ölkənin tanınmış neyrotravmatoloq, tibb üzrə fəlsəfə doktoru Əmrəli Yusifovla əlaqə saxladıq:
“Həmin görüntü ilə tanışam. Futbolçu indiyə qədər bu cür travma ilə qarşılaşmayıbsa, onu iki müayinədən keçirmək mütləqdir. EEQ və MRT müayinələri.
Müayinələr zamanı futbolçunun sağlamlığına dair hansısa təhlükə aşkarlanmasa, heç bir problem yoxdur, rahat şəkildə karyerasını davam etdirə bilər. Beyin silkələnməsi zamanı bu cür hadisələr olur, sonradan keçir.
Yenə deyirəm, indiyə qədər beyin silkələnməsi, dil qatlanması olmayıbsa, karyerasını davam etdirə bilər”.
İyulun 21-də Macarıstanda baş tutan “Fehervar” – “Qəbələ” görüşü 4:1 hesabı ilə başa çatıb. Cavab oyunu iyulun 28-də Qəbələdə keçiriləcək.
HƏBİB / SPORTİNFO.AZ

