“Nəsillərin müqayisəsini düzgün hesab etmirəm. Hər dövrün özünün güclü və zəif hakimləri olub”.
Beynəlxalq dərəcəli hakim Sportinfo.az-a açıqlamasında müasir Azərbaycan futbol hakimliyi barədə açıqlama verib.
Bir neçə il əvvələ qədər Premyer Liqada Rövşən Əhmədov, Vüsal Əliyev, Fariz Yusifov, Orxan Məmmədov, Rəhim Həsənov kimi təcrübəli ədalət təmsilçiləri var idisə, bu gün onların yerini əsasən son 3-5 ildə üzə çıxan “fit sahibləri” tutub.
Futbol ictimaiyyəti öncəki nəslin nümayəndələrini daha üstün hesab etsə də, Həsənov bu iddia ilə razılaşmır:
“Heç kim deyə bilməz ki, bu nəsil əvvəlkindən güclüdür və ya zəifdir. Çünki söhbət bir nəfərdən yox, ümumi hakimlikdən gedir.
Nə gizlədim, bugünkü hakimlərin arasında iş keyfiyyətini bəyəndiyim və bəyənmədiklərim var.
İstedadlılar da var, pula görə gələnlər də var. Ona görə də müqayisə aparmaq doğru olmaz.
Son bir neçə ildə komitəyə rəhbərlik edən dırnaqarası “mütəxəssis” Fritx Stuxlik hakimləri düzgün səmtə yönləndirmədi. Elə səhvləri görürdük ki...
Səhvlər bir tərəfə, klubların əsəbləri ilə oynayırdılar. Bu da məşqçi və futbolçularda hakimlərə qarşı qıcıq oynadırdı.
Hakim səhv edə bilər, amma ictimaiyyəti qıcıqlandırmaq olmaz. Son dövrlər bəyənmədiyim hal bu idi”.
Rəhim Həsənov hakimlik karyerasında Azərbaycan Premyer Liqasında 200-ə yaxın oyunu idarə edib.
UEFA-nın bayrağı altında keçirilən yarışlarda meydanda əsas söz sahibi olduğu matçların sayı isə 30-dan artıqdır.
HƏBİB / SPORTİNFO.AZ

