Növbəti mövsümün startına 20 gündən də az vaxt qalıb.
Yüksək iddialar uğrunda mübarizə aparacaq komandaların işi yağ kimi getsə də, bölgə klublarında narahatlıq davam edir.
Büdcənin təsdiqlənməməsi klubların hazırlıq planlarına və transferlər çalışmalarına ciddi təsir göstərməkdədir.
Əziyyət çəkənlərdən biri də “Turan Tovuz”dur. Bölgədən aldığımız siqnalda hazırda Tovuz stadionunda və komandaya yaradılan şəraitlə bağlı məsələlərdə bir çox probemlərin mövcud olduğu bildirilir.
Komandanın topu, forması, avtobusu yoxdur. Stadionda canlı yayım üçün yer çatışmazlığı var, press-loja isə, ümumiyyətlə, nəzərdə tutulmayıb.
Narahatlıq doğuran suallara cavab tapmaq üçün klubun prezidenti Oqtay Abdullayevlə danışmaq qərarına gəldik:
“Büdcənin indiyə qədər təsdiqlənməməsi bizdən asılı məsələ deyil. Dövlət tərəfindən pul ayrılmalıdır ki, biz də işimizi görək.
Dediyiniz problem tək bizimlə bağlı deyil. Əksər komandalarda bu baxımdan narahatlıq var. Amma vəziyyət dediyiniz qədər də acınacaqlı deyil.
Tovuz rayonunun icra başçısı Məmməd Məmmədov sağ olsun, komandaya lazım olan dəstəyi verir və verməkdə davam edəcəyini deyib.
Nə kimi çatışmazlıqlar varsa, aradan qaldırmağa çalışır. Özü də bilir ki, müvəqqəti çətinlikdir. Kluba pul ayrılandan sonra Məmməd bəyin xərclədiyi maliyyəni geri qaytarıb yerinə qoyacağıq.
Sadəcə, istəmir ki, Tovuz futbolsuz qalsın, ya da hansısa çətinliklər yaransın. Sağ olsun, hər zaman “Turan Tovuz”un yanındadır.
Bəzi icra başçılarının Məmməd bəydən öyrənməli olduğu çox şey var”.
HƏBİB / SPORTİNFO.AZ

