Azərbaycan Premyer Liqasnda iştirakına icazə verilən “Turan Tovuz” növbəti mövsümə hazırlaşır.
Klub-komandada kənardan hər şey yaxşı görünür.
Baş məşqçi ölkənin savadlı məşqçilərindən hesab olunan Ayxan Abbasovdur.
41 yaşlı çalışdırıcı Kamal Bayramov, Şəhriyar Əliyev, Tərlan Quliyev, Ehtiram Şahverdiyev, Xəyal Nəcəfov, Eltun Turabov, Şakir Seyidov, Veysəl Rzayev kimi təcrübəli və gənc futbolçuları sərəncamına toplayıb.
Bölgə təmsilçisi hazırlığın ilk mərhələsini Bakıda keçdi, əsas mərhələ üçün Tovuza yollandı. İyulun 15-də isə mövsümlərarası fasilə dönəmində ilk yoldaşlıq görüşünü keçirəcək. Rəqib “Şamaxı”dır.
Peşəkar komandaya yaraşan hazırlıq prosesidir, deyilmi?
Sən demə, hər şey kənardan göründüyü qədər möhtəşəm deyil.
Bir müddət öncə istirahət üçün doğma yurdu Tovuza yollanan həmkarımız İxtiyar Əsgərov bölgədəki vəziyyətlə yerində tanış olandan sonra “feysbuk” hesabında maraqlı paylaşım edib.
İxtiyar bəy yazır:
25 gündən sonra Azərbaycan Premyer Liqası start götürəcək.
-“Turajn Tovuz”un forması yoxdur.
- Stadion Premyer Liqa oyunlarını qəbul etməyə hazır deyil.
- Xeyli inventar çatışmazlığı var.
- Canlı yayım üçün yer yoxdur.
- Press-loja yoxdur.
- Klubun rəsmi saytı yoxdur.
- Heç olmasa bircə yoldaşlıq oyunu üçün rəqib yoxdur.
- Klubun avtobusu yoxdur.
- Komandanın məşq üçün normal topu yoxdur. Hazırda məşqlərdə 3 növ topdan istifadə olunur.
- Əksər futbolçular qeyri-müəyyənlik içindədir.
İcra hakimiyyəti isə hələ də susur.
Həmkarımızın açıq şəkildə qeyd etdiyi çatışmazlıqlar Premyer Liqa təmsilçisi adına yaraşmır.
Tələm-tələsik Premyer Liqaya dürtüşdürülən komandanın adına layiq şəkildə çıxış etməsi və irəliləməsi üçün yuxarıdakı problemlərin hər biri həllini tapmalıdır.
Bununla kim məşğul olmalıdır – “icra”, yoxsa AFFA? Hər halda cavabı bölgü edənlərin özləri daha yaxşı bilir.
Vəziyyət bu şəkildə davam etsə, 8 komandalı çempionatdan heç nə ilə fərqlənməyən 10 komandalı format görəcəyik.
Təki düzəlsin.
HƏBİB

