"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyevin ölkəmizə ilk gəlişi 2014-cü ilə təsadüf edir.
O, məhz həmin il "Sumqayıt"ın heyətində ölkə çempionatında debüt etmişdi.
Dağıstanda dünyaya gələn qolkiperin "Qarabağ"a keçidi isə 2016-cı ildə baş tutub.
İndi də 2022-ci ildir. Şahruddin ölkəmizdə nə az, nə çox 8 ili arxada qoyub. O, bu müddətdə həm "ağdamlılar"ın, həm də Azərbaycan milli komandasının əsas qapıçısı səviyyəsinə kimi yüksəlib.
Öz zəhməti, öz bacarığı, öz istedadı ilə. Bu gün haqqlı olaraq ölkəmizdə əksəriyyət üçün ən güclü qapıçı elə Şahruddun sayılır.
Bəli, Şahruddin arxada qalan 8 ildə yaxşı qapıçı olmağı, Azərbaycan millisinə yüksəlməyi, milyonlar qazanmağı öyrəndi. Amma Azərbaycan dilində az-maz danışmağı öyrənmədi ki, açıqlama verəndə dilimizdə danışsın.
Kubokun finalından sonra onun "CBC Sport" kanalına rus dilində olan açıqlamasını izlədikcə məhz yuxarıda sadaladıqlarım məndə haqqlı sual yaratmış oldu - Niyə?
8 il bir ölkədə yaşa, milli komandasının formasın geyin, "Qarabağ" kimi dəyərli komandanın şərəfin qoru, amma Azərbaycan dilində danışma.
Bax, bu, sənə yaraşmadı, Şahruddin!
XANOĞLAN İMANOV

