Mahir Emreliyə TƏCİLİ MƏKTUB

14 Yanvar 2022 21:20 Problem 1 721
Mahir Emreliyə TƏCİLİ MƏKTUB

Mahir Emrelinin indi harada və nə işlə məşğul olduğunu özü ilə yaxınlarından yaxşı bilən yoxdur.

Müqavilə ilə məxsus olduğu “Legiya” məşqlərə başlayıb, ərköyün qardaşımız isə kirayələdiyi vəkilin bacarığına ümid edib gözləyir.

Ki, Polşada döyülməsinə görə azad agent statusuna yiyələnib, Avropanın başqa ölkəsinə yollanmaq icazəsi alacaq.

Mahirin top dalınca qaçdığını görəndə adamın ürəyi ağrayır. Anasının gül balası, nəslin göz-bəbəyi, qızların sevimlisi, həmyaşıdları üçün nümunə olan oğlanın meydanda yıxılması, qarda-çovğunda məşq etməsi, zədələnməsi və bunun bunların qarşılığında hansısa polşalı avaranın yumruğuna tuş gəlməsi nəyə lazımdır axı?

Guya Azərbaycanda futbol(çun)un qədrini bilən var? 5 il yaxşı oynayırsan, 1 il zəifləyən kimi söyülməyən yerin qalmır. Lənətə gəlsin belə oyun, bu cür sevgi.

Mahir futbolçu karyerasını təcili, çox təcili başa vurub yeni sənətin qulpundan yapışmalıdır.

Ən qısa zamanda efir məkanında özünə yer etməlidir.

Hər yerindən duran, mikrofon tutmağın çəmini bilməyən, 5 sözdən cümlə qura bilməyənlər televiziya studiyalarını məşğul edib, özərinə firavan həyat qurub. Bizim oğlan onlardan artıqdır ki, əskik deyil.

O gün doktor Cahid Şahbazov müğənni Sevda Yəhyayevaynan Mahir Emrelini Qusardakı malikəsinə qonaq etmişdi. Veriliş hazırlayırdılar, futbolçu qaqaşımız da gülüb-danışır, açıqlamalar verirdi.

Allaha and olsun, bülbül kimi ötürdü, sözləri muncuq kimi düzürdü. Hətta bəzən paxıllığım tuturdu ki, bəlkə də mən Mahir kimi səlis danışa bilmirəm.

Yaraşığı, boy-buxunu, təbəssümü də ki, maşallah, ağılları başdan alandır. Adamın o qədər qadın pərəstişkarı var ki, Mahiri hansısa verilişin aparıcısı, ya da təşkilatçısı kimi görsələr, iş-güclərini atıb taxtı televizorun qarşısına gətirib, Emreliyə baxa-baxa yuxuya düşərlər.

Şou-biznesdə Mahiri tanımayan yoxdur. Kişidən qadına - hamı başına and içir.

O deyir “Mahir mənim qucağımda böyüyüb”, bu biri deyir, “yox mənim”. Röyası, Abbası, Xatirəsi, ay nə bilim, Yaşarı. Mahir hansısa verilişin aparıcısı olsa, məşhurların özləri onu yığacaq ki, sən filankəsin canı, sabah məni qonaq çağır.

“Galenvagen”li, brend geyimli, biznes sahibli, prodüsser oğlu, hər kəsin ağlında futbolçu kimi qalan aparıcı olacaq televiziya məkanında.
Şadlıq saraylarının müdirləri toy tamadalığı üçün Mahiri axtaracaq ki, gəl, 1-2 saatlıq açılış elə, arada gülümsə, müğənniləri təqdim et, otur kənarda.

Al sənə 5 min. Hərə bir tərəfə dartacaq. Daydayın biri qızının toyu üçün Rusiyadan zəng vuracaq, xalanın biri Türkiyədən yalvaracaq.

Ölkə idmanındakı qala-gecələrin aparıcılığını da ona tapşıracaqlar. Pəh...

Hə, mənim kiçik qardaşım. Gör, neynirsən.

Burax futbolun başını. Palçıqlı şort, tərli mayka, iyli corablar, söyüşlər, yumruqlar nəyinə lazımdır axı?

Hətta “Lester”in qapısına qol vuranda belə, sosial şəbəkələrdə səninlə məzələnirdilər. Futbolçu kimi dəyərini bilən yoxdur, qəbul etmirlər səni. Bir tərəfdən də ətrafındakılar parlamağının qarşısını alır.

Geyin bahalı kostyumunla ayaqqabını, min 99-MM-999-na, sür şou əhlinin axışdığı “Atv”yə.

Ən pis halda atan Anar Mədətovun çalışdığı ARB-yə. Gir rəhbərin kabinetinə, de ki, futbola tüpürüb gəlmişəm, mənə bir veriliş ver, kanalınızı bir az da məşhurlaşdırım.

Yaxşı, qaqaşım?

Amma bir şeyi unutma, televiziya məkanında küsüb-incimək, kimsə xətrinə dəyən kimi “mamaşa”nın yanına qaçmaq olmaz.

Televiziyada, şou ailəsində sözün yaxşı mənasında sırtıq olmalısan. Kim artıq söz desə, vur ağzının üstündən!

Qəti qabağından yemə! Hə, bir də getdiyin verilişdə, toyda, konsertdə normal qiymətə razılaş ki, sabah futbolu atdığına peşman olmayasan.

Yaxşı, qaqaşım?

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti