”Delta+" ştammı Bakıya gəlib çıxsa..." - İnfeksionistdən xəbərdarlıq

29 İyun 2021 01:38 Problem 1 134
”Delta+" ştammı Bakıya gəlib çıxsa..." - İnfeksionistdən xəbərdarlıq

Xeyli mübarizədən sonra Azərbaycanda COVİD-19-la bağlı vəziyyət, nəhayət ki, stabilləşib.

Üstəlik, artıq Nazirlər Kabineti toylara da icazə verib.

Belə təəssürat yaranır ki, normallaşmaya doğru gedirik və pandemiya təhlükəsi arxada qaldı.

Bəs görəsən, bu cür təəssürat məsuliyyətsizliyə gətirib çıxarmayacaq ki?! Son müşahidələr onu deməyə əsas verir ki, avtobuslarda əksəriyyət maskadan istifadə etmir.

Taksi sürücüləri də maskadan istifadə etmirlər, yenə də üç nəfərdən artıq sərnişin mindirirlər. Hətta şəhərin mərkəzindən kənarda işləyən avtobus sürücüləri belə maskanı kənara tullayıblar.

Adının çəkilməsini istəməyən bir qrup tibb bacısı da bizimlə söhbətdə xəstəxanalarda, poliklinikalarda da vəziyyətin ürəkaçan olmadığını deyirlər: “İlk olaraq tədbirlər tibb müəssisələrində aparılmalıdr. Əgər təhlükə olacaqsa, birinci burada qayda-qanun qoyulmalıdır. Bura elə əsl korona mənbəyidir. Insanlar arasında məsafə gözlənilmir. Az qala bir-birilərinə sürtünə-sürtünə növbələrdə dayanırlar”.

Əlbəttə, bütün bu amillər bir müddət sonra yenidən virusun yayılması təhlükəsini yarada bilər. Üstəlik, dünyada sürətlə yayılan və artıq Rusiyanı ağuşuna alan Hindistan ştammı COVİD-in 4-cü dalğasını yenidən gündəmə gətirib. Moskvada artıq bəzi qadağalar yenidən qayıdıb, paytaxtda sərt karantin tədbirləri iyunun 29-na kimi davam edəcək. Hindistanda yayılan virus artıq “Delta+” adlandırılaraq daha təhlükəli vəziyyətə gəlib. Onun sürətlə yayıldığı, vaksinə tabe olmadığı, daha çox öldürücü olduğu qeyd edilir.

Karantin qaydalarına nəzarət niyə bu qədər zəifləyib? Toylara icazə verilməsi ilə bu təhlükələr daha da artacaqmı?

Bu və digər suallarla bağlı infeksionist Gülnarə Əhmədova “Yeni Müsavat”a danışıb: "Viruslar xarici ölkələrdən ölkəmizə gələ bilər. Amma bizdə də bu ştammlar insanın immuniteti ilə mübarizəsindən sonra yeni ştammlar əmələ gəlir. Virus və insan immuniteti mübarizə aparır, yeni ştammlar ortaya çıxır. Hindistan ştammı bizim ölkədə daha aqressiv ola bilər. Çünki hindlilər antisanitar şəraitdə, daha aşağı səviyyədə yaşamağa öyrəniblər. Onların immuniteti bizimkindən daha güclüdür. Ona görə Hindistan ştammı bizə gəlib çıxacaqsa, bizim insanların immuniteti onunla bacarmayacaq. Olduqca təhlükəli vəziyyətdir. Hər cür mikroba öyrəşmiş, insan populyasiyasından gələn virus daha sivil ölkəyə gələrsə necə ola bilər?!"

Gülnarə Əhmədova — Qastroenteroloq, İnfeksionist, Bakı | HekimTap

Gülnarə Əhmədova

Bununla belə, infeksionist sərt qapanmalara getməyin tərəfdarı deyil: “Əgər yoluxma sayı çoxalarsa, mütəxəssislər öz sözünü deyib, vaxtında qarşısını alacaqlar. Mən şəxsən özüm avtobusda da, qapalı məkanda da maska taxıram. O ki qaldı toyların keçirilməsinə, bu da həyatın bir parçasıdır. Toylara qadağanın qoyulmasını, ümumiyyətlə, başa düşə bilmirəm. Bəli, məhdudiyyətlər qoyulmalıdır, adam sayı nəzərə alınmalıdır, bu öz yerində. İnsanlar, sadəcə, bu epidemiyanı görərək öz həyatlarını ona uyğun qurmalıdır. Əgər yeni ştamm əmələ gəlibsə, dövlət tərəfindən buna uyğun olaraq qadağalar, sərtləşmələr həyata keçiriləcək. İnsanları da anlamaq lazımdır. Yay aylarıdır, ən gözəl mövsümdür. Bundan da insanları məhrum edəndə yaşamağın dəyəri olmur. Yumşalmalar olur, artıq görəndə ki, artıq yoluxma sayı artır, təhlükəli vəziyyət yaranıb, artıq tədbirlər görüləcək. Əgər qapanmalar, sərt addımlar davam edərsə, insanların psixologiyası bir tərəfdən, digər tərəfdən də nevroloji problemləri də ortaya çıxacaq. Ona görə də dövlət də bütün bunları nəzərə alıb, yumşalmalara gedir. Tam qapanma ilə həyatın bütün gözəllikləri yox olur”.

Professor Fuad İsmayılov: Hər il dünyada 800 min insan intihar edərək  həyatına son qoyur - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fuad İsmayılov

Yeri gəlmişkən, Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin rəhbəri Fuad İsmayılov da bildirib ki, COVİD-19 pandemiyası sağlam insanların psixikasına həddən artıq neqativ təsir göstərib: “Pandemiyanın bu neqativ təsiri bəzi hallarda, məsələn, COVİD-19 xəstəliyini ağır keçirmiş və ya yaxınını itirmiş şəxslərdə bilavasitə müşahidə olunub. Digər hallarda isə dolayı yolla, iqtisadi və sosial problemlərlə, həmçinin çox sayda insanların həyat tərzinin dəyişməsi nəticəsində baş verib. Bu psixoloji nəticələrin bir çoxu pandemiya bitdikdən sonra da uzun müddət davam edir. Məsələn, müəllimlərin çoxu ilə müsahibə zamanı onlar onlayn təhsilə keçdikdən sonra şagirdlərin müvəffəqiyyətinin və dərslərə münasibətinin pisləşdiyini qeyd edirdi. Buraya həmçinin uzunmüddətli psixoloji nəticələri ola biləcək dərnək, kurs, idman seksiyalarının ilyarım müddətinə bağlanması da aid edilə bilər. Prinsipcə, neqativ təsirlər haqqında çox yazılıb. Buna görə də nə qədər paradoksal səslənsə də, mən bir neçə müsbət aspekti qeyd etmək istərdim. Birincisi, bir çox insanlarda dəyərlər sistemi dəyişib. Xüsusilə ailə və dost münasibətlərinin əhəmiyyəti artmışdır və eyni zamanda düşünülməmiş istehlak və göstərişlə bağlı davranışların sayı azalıb. İkincisi, insanların psixologiyasında sağlamlıq və təhsillə bağlı məsələlər üstünlük təşkil etməyə başladı. Nəhayət, cəmiyyətin psixoloji resursları və infeksion xəstəliklər, gigiyenik normalara riayət hallarının sayı artdı. Yadınızdadırsa, ilk əvvəldə COVİD-19 haqqında çox sayda əsassız fikirlər yaranmışdı, bir çoxu pandemiyaya ümumiyyətlə inanmırdı. İndi isə praktik olaraq hər kəs bu məsələdə ”mütəxəssis" olub.

Eyni zamanda iybilmə və dadbilmənin itirilməsi KİV-də ən çox adı çəkilən COVİD-19 əlamətləridir və buna görə də onların yaranması insanlarda panikaya səbəb olur. Lakin bu məsələyə tənqidi yanaşsaq, müşahidə edə bilərik ki, bir çox halda bu simptomlar keçib gedir və qoxu və dad hissiyyatı tam şəkildə bərpa olunur. Prinsipcə, bu əlamətlər saturasiyanın düşməsi və ya sitokin “hücumu” ilə müqayisədə kifayət qədər “zərərsizdir”. Nəhayət, iybilmə və dadbilmənin pozulması bir çox soyuqdəymə halları üçün xarakterikdir. Həmçinin yadda saxlamaq lazımdır ki, panika vəziyyəti qoxu və dad hissiyyatının bərpasına kömək etmir, lakin COVİD-19 əlamətlərini dərinləşdirir. Bu səbəbdən də təşviş keçirmək əvəzinə, dərhal müayinə olunmaq və ehtiyac olduqda müalicə almaq lazımdır".

F.İsmayılov insanlarda COVİD-19 vaksininə qarşı qorxunun yaranması məsələsinə də münasibət bildirib: “Sözün düzü, mən hələ də başa düşə bilmirəm ki, insanlar vaksinasiyadan niyə qorxur. Birincisi, 3 yaşına qədər hər bir uşaq müxtəlif xəstəliklərlə bağlı ən azı 7 peyvənd olunur. Bunun sayəsində dünyada çiçək, difteriya demək olar ki, itib, vərəm, poliomielit, göyöskürək, qızılca ilə xəstələnmə isə xeyli azalıb. İkincisi, vaksinasiyanın ağırlaşması riski ağır COVİD-19 ilə xəstələnmə ehtimalını azaldır. Bundan əlavə, kollektiv immunitet əldə olunması pandemiyanın qarşısını ala bilər. Kollektiv immunitet ya insanların çoxu COVİD-19 ilə xəstələnsə, ya da vaksinasiya olunsalar formalaşa bilər. İkinci variant şübhəsiz ki, daha məqsədəuyğundur. Mən məhdudlaşdırıcı tədbirlərin tərəfdarı deyiləm, lakin hesab edirəm ki, bu məsələdə prinsipiallıq göstərilməlidir. Əgər insan normal həyat yaşamaq istəyirsə, normal təhsil almaq və ya işləmək, ictimai tədbirlərdə iştirak etmək, idmanla məşğul olmaq, yığıncaqlarda görüşmək istəyirsə, məsuliyyət nümayiş etdirməli və peyvənd olunmalıdır. Əlbəttə, peyvəndləmə könüllü aparılır, bu hər kəsin sərbəst seçimidir. Lakin peyvəndləmədən imtina etdiyi halda o, evdə qalmalı və özünün və ətrafdakıların yoluxmasından yayınmalıdır”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti