“Barselona”nın baş məşqçisi Hans-Diter Flik mövsümün əvvəlində futbolçularla apardığı söhbətdən danışıb.
Kataloniya təmsilçisi ötən mövsümü uğurla başa vurduqdan sonra almaniyalı mütəxəssis komandanın düzgün motivasiyanı qorumasının və “ulduz xəstəliyinə” tutulmamasının vacibliyini dəfələrlə vurğulamışdı.
Sportinfo.az “Barca Universal”-a istinadən xəbər verir ki, mövsümün əvvəlində Flik futbolçularına eqolarını kənarda qoymalı olduqlarını deyib:
“Komandaya bildirdim ki, eqolarını paltardəyişmə otağından kənarda saxlamalıdırlar. Böyük ulduz düşüncəsi ilə maksimum nəticəyə heç vaxt çata bilmərik”.
“Barselona” dünən “Real” üzərində 2:0 hesablı qələbə qazanaraq vaxtından əvvəl İspaniya çempionu olub.
Madridlilərin bu mövsüm yaşadığı problemlərin əsas səbəblərindən biri kimi də məhz Flikin toxunduğu məqam – komanda daxilindəki “ulduz psixologiyası” göstərilir.

