Klub prezidenti deyir ki... Onun heç nədən xəbəri yox imiş

8 May 2021 09:40 Problem 830
Klub prezidenti deyir ki... Onun heç nədən xəbəri yox imiş

“Xocalı“ Uşaq Futbol Klubunun sosial şəbəkədəki paylaşımı müzakirələrə səbəb olub.

Klub məşq edən uşaqların energetik içkilərlə fotosunu “Xocalı Futbol Klubu uşaqların qida rasionuna diqqət edir” başlığı ilə paylaşıb.

Bu paylaşım birmənalı qarşılanmayıb. İzləyicilərin əksəriyyəti bu içkilərin uşaqlara verilməsinin təhlükəli olmasını bildirərək etiraz edib. Bəzi istifadəçilər, hətta AFFA-nın “feysbuk“ səhifəsini işarələyərək futbol klubunun cəzalandırılmasını tələb edib.

Klubun prezidenti və təsisçisi İlkin Hacıyev məsələ ilə bağlı Sportinfo.az-a danışıb: “Məqsədimiz həmişə uşaq futboluna dəstək olmaq, Xocalı adını zirvələrə daşımaq olub.

Yarandığı gündən uşaqlar üçün də əlimizdən gələnin ən yaxşısını etməyə çalışmışıq. Energetik içki şirkətlərinin heç biri ilə əlaqəmiz yoxdur, onlarla əməkdaşlıq etməmişik.

Həmin foto şəhidlərin xatirəsinə keçirilən turnirdən sonra çəkilib. Valideynlər o içkiləri alıb və uşaqlara verib.

“Feysbuk“ səhifəmizi idarə edənlər bu fotonu sosial şəbəkə hesabımızda paylaşıblar. Məsələdən xəbər tutmuşam və maraqlanmışam. Dediyim kimi, biz futbolçulara bu içkiləri qadağan etmişik və belə içkilərin əleyhinəyik”.

Azərbaycanda “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları”na görə, 18 yaşdan aşağı uşaqlara enerji içkilərinin satışı qadağandır.

Klubun qanuna məhəl qoymaraq, məşqlərdə azyaşlı uşaqlara istifadəsi qadağan edilən enerji içkisi verməsi narazılıqlara səbəb olub.

Bununla bağlı Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının mətbuat xidmətinin rəhbəri Firuz Abdulla komanda.az-a açıqlamasında klubun AFFA-ya bağlılığı olmadığını, buna baxmayaraq, onlarla əlaqə saxlanıldığını bildirib:

“Xocalı” klubunun AFFA-ya hər hansı bağlılığı yoxdur və AFFA-nın təşkil etdiyi turnirlərdə iştirak etməyiblər. Buna baxmayaraq, AFFA-nın uşaq futbolu departamentindən klubla əlaqə saxlanılıb və komandanın baş məşqçisi ilə danışılıb.

Və bildirilib ki, uşaqlara zərərli qida məhsullarının, istifadəsi nəzərdə tutulmayan içkilərin verilməsi yolverilməzdir. Yenə qeyd edirəm ki, klubun AFFA-ya heç bir bağlılığı yoxdur”.

AFFA rəsmisi məsələ ilə bağlı qurum tərəfindən kluba cəza verilməyəcəyini də qeyd edib: “AFFA-nın hər hansı kluba cəza və cərimə sanksiyası tətbiq etməsi üçün intizam qaydaları mövcuddur.

Bunlar da ancaq AFFA-nın bayrağı altında keçirilən yarışlarda iştirak edən klublara aiddir. “Xocalı”nın da heç bir komandası AFFA-nın yarışlarında iştirak etməyib”.

A

Digər Xəbərlər
Xəbər Lenti