
Azərbaycan Respublikası ərazisində yeni nov koronavirus (COVID-19) xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyət təhlil edilmiş və son günlərdə virusa yoluxma sayı, xəstəliyin yayılma dinamikası nəzərə alınaraq, ölkə üzrə xüsusi karantin rejiminin 1 iyul 2020-ci il saat 00:00-dək uzadılmasına qərar verilib.
Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı açıqlamada qeyd edilib ki, Azərbaycanda virusa ilk yoluxma faktının qeydə alındığı tarixdən bu günədək COVID-19 testi musbət çıxmış 8191 nəfər aşkarlanıb, hazırda isə 3487 aktiv xəstə müalicəsini xüsusi karantin rejimli xəstəxanalarda davam etdirir.
Karantin rejiminin uzadılması ölkənin futbol həyatının bərpasını yenidən sual altına alıb. AFFA İcraiyyə Komitəsinin bu gün, yaxud sabah videokonfrans keçirməsi gözlənilir.
İcraçı vitse-prezident və baş katib Elxan Məmmədov istisna olmaqla, federasiyanın digər rəhbər şəxsləri Premyer Liqanın bərpasının əleyhinədir. Eləcə də prezident Rövnəq Abdullayev.
İndi qurum başçısı da hesab edir ki, sezona vaxtından əvvəl başa vurmaq ən düzgün qərardır. Abdullayev Premyer Liqanın ilk 4 pilləsində qərarlaşan komandaların – «Qarabağ», «Neftçi», «Keşlə» və «Sumqayıt»ın avrokuboklara göndərilməsini fikrini dəstəkləyib.
SPORTİNFO.AZ