
İyulun 15-də idman jurnalistləri Bakının dəbdəbəli restoranlarından birində bir araya gəlmişdi.
Gətirilmişdi desək, lap yerinə düşər.
PFL-in və AFFA-nın dəstəyi ilə təşkil olunan yığıncaqda məqsəd Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi ilə bağlı qələm əhlini təbrik etmək, eyni zamanda birlik nümayiş etdirmək idi.
Söhbət PFL-in təşkilatçılığından gedirsə, burada futbol biliyi viktorinası məclisin bəzəyinə çevrilməyə bilməzdi. Maraqla gözlənilən “kuiz”də qalib adını qazanaraq yubiley yığıncağını kubok, medal və hədiyyələrlə tərk etmək hər kəsin arzusuydu.
Jurnalistlər növbəti mövsümdə Premyer Liqada mübarizə aparacaq komandaların adlarına uyğun olaraq 12 kollektivə bölünmüşdü. Bəndəniz “Zirə”ni heyətində yer almışdı ki, əsl “Zirə”dən fərqli olaraq bizim “Zirə” “avrokuboklara vəsiqə qazana bilmədi”.
Viktorinanı 19 xalla “Sumqayıt”la birlikdə 4-5-ci pillə başa vuraraq medalçılar sırasında yer almasaq da, AFFA-nın təşkil etdiyi digər 5 sualdan ibarət yarışda 5-də 5 edərək qalib adını qazanmağımız mümkün oldu.
Yarışın qalibi adını təcrübəli həmkarlarımızın cəmləndiyi “Karvan” qazandı ki, məclisə dəvətlilər çempionluğa əsas namizədi layiqli qələbə münasibəti ilə təbrik etdi.
Fürsətdən istifadə edib mətbuata hər zaman xüsusi diqqət və qayğısı göstərən PFL rəhbərliyinə və rəsmilərinə çəkdikləri zəhmətə görə təşəkkür borcumuz var.
HƏBİB / SPORTİNFO.AZ