Azərbaycanda çarəsizlər bu iki kluba can atır!

27 İyun 23:00 Premyerliqa 568
Azərbaycanda çarəsizlər bu iki kluba can atır!

Növbəti mövsümdən etibarən Premyer Liqada legioner limitinin aradan qaldırılması ilə bağlı verilən qərar yerli futbolçuların əhvalına “soğan doğrayıb”.

İddialı komandalarda oynayanlar və milli komandanın şərəfini qoruyanlar heç. Onların yeri də, maaşı da bəllidir.

Söhbət Premyer Liqa klublarında az şans qazananlardan, ehtiyatda qalanlardan, belə deyək, 2-3-cü dərəcəli futbolçulardan gedirsə, onların işi bir az çətindir.

Ötən mövsüm elitada mübarizə aparan klubların əksəriyyəti yerli futbolçuya aylda 4-5 min manat verməkdənsə, məbləği bir az da artırıb Afrikadan, Avropanın üzdə olmayan ölkələrindən legioner gətirməyi üstün tutur.

“Qarabağ”, “Zirə”, “Sabah”, “Neftçi”, “Araz-Naxçıvan”, “Turan Tovuz” – bunlar başqa səviyyədir, yaxın düşmək mümkün deyil. Yerdə qalan “Kəpəz”, “Sumqayıt”, “Şamaxı”, hətta elitaya qayıdan “Qəbələ” belə, yeri oyunçu seçimində çox götür-qoy edir, hər futbolçuya qapı açmır.

Ümid qalıb “Karvan”la “İmişli”yə. Bu klublar əksər futbolçularla əlaqə saxlayır, fikirlərini öyrənir, hətta çoxu ilə böyük ölçüdə razılığa gəlinib. Əksi də yaşanır – futbolçular özləri rəsmilərə çıxır.

Premyer Liqanın yenilərinin büdcə imkanları geniş deyil deyə, təklif olunan əməkhaqqı da yüksək olmayacaq. Buna baxmayaraq, futbolsuz qalmamaq, yaxud aşağı liqalarda oynamamaq üçün “Karvan”la “İmişli”nin ətəyindən yapışan kifayət qədər yerli futbolçu var.

Şəraitləri istənilən səviyyədə deyil, avqusta qədər vəziyyətin necə olacağı bilinmir, mıəhdud büdcə ilə hansı hədəflər uğrunda mübarizə aparacaqları sual altındadır – bu və digər amillər onların gözünü qorxutmur.

Tək Premyer Liqa klubu olsun, maaşı vaxtı-vaxtında versin.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
27 İyun 18:10 Çək və bizə göndər!