
Çempionlar Liqasında I seçmə mərhələsinin "Hamrun Spartans" (Malta) və "Jalgiris" (Litva) arasındakı cavab matçında qapılara ümumilikdə 28 penalti zərbəsi vurulub.
Sportinfo.az xəbər verir ki, Maltanın "Sentenari" stadionunda təşkil olunan görüşün əsas vaxtı meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandaların ilk oyununda "Jalgiris" eyni hesabla qələbə qazandığı üçün oyun əlavə edilmiş hissələrdə davam edib.
"Jalgiris"in serbiyalı müdafiəçisi Vasiliye Radenoviç 114-cü dəqiqə ikinci "sarı"dan sonra qırmızı vərəqə alaraq meydandan qovulub. O, ötən mövsüm "Şamaxı"da çıxış edib.
Əlavə edilmiş hissələrdə də hesab dəyişməz qaldığı üçün qalib penaltilər seriyasında müəyyənləşib.
Ümumilikdə 28 penaltinin vurulduğu seriyada qapıçılar Anri Bonello və Karlos Olses də hədəfdən yayınmayıblar. Dəqiq yerinə yetirilməyən 7 penaltidən 2-si qonaqların yarımmüdafiəçisi Dino Salçinoviçin passivinə yazılıb.
Yekunda meydan sahibi komanda penaltilər seriyasında 11:10 hesabı ilə qalib gələrək mərhələ adlayan tərəf olub.
"Hamrun Spartans" Çempionlar Liqasının II təsnifat mərhələsindən "Dinamo Kiyev" ilə qarşılaşacaq.