
"Çelye"nin forvardı Franko Kovaçeviç Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunlarda keçiriləcək "Sabah"la matç haqda danışıb.
Sportinfo.az xəbər verir ki, ilk oyunda dublun müəllifi olan hücumçu görüşdən öncə keçirilən mətbuat konfransında deyib:
"İlk qarşılaşma istədiyimiz kimi başlamadı, amma tez toparlandıq və sonda qələbə qazandıq. Bakıda vurduğum hər iki qolda işin çoxunu komanda gördü.
Mən, sadəcə, son toxunuşu edərək topu qapıya göndərdim. "Çelye"də özümü yaxşı hiss edirəm, komanda məni gözəl qarşıladı.
Uğur üçün rəqib haqqında lazım olan bütün məlumatlara sahib olmalıyıq. Məşqçi matçın planını hazırlayan şəxsdir və onun tapşırıqlarını mümkün qədər yaxşı yerinə yetirməyə çalışmalıyıq".
"Çelye" - "Sabah" matçı bu gün saat 22:00-da start götürəcək. Tərəflər arasında Bakıda gerçəkləşən ilk görüş Sloveniya təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.